
"Həqiqətən də çətin oyun oldu. Rəqib qapananda, oyunlar çətin alınır və müdafiəni yarmaq asan omur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. Bu da bizə kömək etdi".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero Şimali İrlandiyanın "Linfild" komandasını Avropa Liqasının pley-off mərhələsində məğlub etdikləri (2:1) görüşdən sonrajurnalistlərə açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi erkən vurulan qoldan sonra fərqlənə bilməmələri barədə danışıb: "1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki, vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər. Qapandılar və əks hücumlara bel bağladılar".
İspaniyalı oyunçu "Qarabağ"a gələndə avrokuboklarda oynamaq istədiyini söyləyib: "Öncə Çempionlar Liqasında inamla irəlilədik. Davam edə bilərdik. Bu gün bu turnirdə olmamağımızı bəxtsizliklə əlaqələndirərdim. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq və buna layiq idik.
Romero deyib ki, Avropa Liqasının qrupunda öz ölkəsinin komandalarına qarşı oynamaq onun üçün maraqlı olardı. "Qrup mərhələsindəyik, buna layiq idik. İnanıram ki, turnir çox maraqlı keçəcək".
Yarımmüdafiəçi çempionat matçları ilə müqayisədə avrokuboklara çox azarkeş gəlməsinin onun üçün təəccüblü olduğunu deyib: "Əsas odur ki, Avropada keçirdiyimiz oyunlarda bizə dəstək olurlar. Çalışacağıq ki, ümidlərini doğruldaq".