“Bu turnirə tam fərqli hazırlaşmışdıq. Ancaq səfərə çıxan zaman fərqli, xoş olmayan “sürpriz”lə qarşılaşdıq".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi ilk oyun ərəfəsində “Araz" komandasının baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az-a açıqlamasında deyib. Braziliyalı mütəxəssis 4 futzalçıya viza verilmədiyini xatırladıb: "Söhbət iranlı oyunçular Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocayedən gedir. Səfirliyə yarışla bağlı məktubu təqdim etsək də, qərar dəyişmədi".
Joze Alesio baş verənləri nəzərə alıb, digər planı reallaşdırmağa çalışacaqlarını söyləyib: "Əlbəttə, çətin olacaq, amma bacaracağımıza inanıram. Məşqdən əvvəl də uşaqlara dedim ki, əsas 2 oyunu düşünməliyik və bu görüşlər üçün gücümüz var. Bu gün komandamızın üzərində təzyiq yoxdu ki, bu da rahat oynamağımıza imkan verəcək”.
Baş məşqçi futzalçılara vizanın verilməməsinin isə üzücü olduğunu, azarkeşlərə hörmətsizlik edildiyini vurdulayıb: “Dörd oyunçumuzun bizə qoşula bilməməsi çox üzücüdür. Onlar UEFA bayrağı altında keçirilən yarışda iştirak etməyi çox istəyirdilər. Əlbəttə, bu, Çempionlar Liqasının adına yaraşmadı. Təbii ki, itirən futzal olacaq. Azarkeşlər ən azı maraqlı oyunlar izləmək şansından məhrum edildilər”.
Qeyd edək ki, "Araz" Çempionlar Liqasında ilk oyununu bu gün keçirəcək. Rəqib Belçika çempionu “Halle Gooik” olacaq.