“Bugünkü oyunda qorxduğum başıma gəldi. Komandam meydana çox arxayın, konsantrasiyasız çıxmışdı. Birinci hissədə bu aşkar görünürdü. Nəticədə çox pis oynadıq".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən 3-cü qrupunun II turunda Monteneqroya 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Braziliyalı mütəxəssis komandasının çıxışından narazılığını bildirib: "Çoxdan idi bu cür intizamsız, zəif oynamırdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişə bildik. Monteneqro heç də zəif komanda deyil. Bunu uşaqlara da demişdim. Baş verənlərə rəğmən, qələbə qazandıq və elit-raunda vəsiqəni təmin etdik".
Da Silva oktyabrın 26-da Slovakiya ilə keçirəcəkləri son tur matçı barədə də danışıb: "Şanslarımız bərabərdir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Slovakiya hazırda birinci yerdə qərarlaşsa da, bizim də qrup qalibi olmaq kimi iddiamız var. Ciddi hazırlaşacağıq. Rəqibin necə oynadığını, oyunçularının hansı keyfiyyətlərə malik olduğunu bilirik. Şənbə günü tam fərqli oyun olacaq. Fikrimcə, komandanı bu cür oyuna motivasiya etmək asan olacaq. Heyətimizdə cəzalı futzalçı da yoxdur”.