
"Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsində IV tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı "GSP Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hər üç qol künc zərbəsindən sonra vurulub. 10-cu dəqiqədə Maksim Medvedev hesabı açsa da, 59-cu dəqiqədə Lukas Souza bərabərlik, 88-ci dəqiqədə George Efrem qələbə topunu vurub.
Digər tərəfdən, "Qarabağ" 16-cı dəqiqədə itki ilə üzləşib. Dani Kintana zədələnərək, yerini Maqaye Qeyeyə verib. Lakin zədəli Mahir Mədətovun yoxluğunda əsas qol ümidi sayılan fransalı hücumçu ona bəslənən ümidləri doğrultmayıb. Elə buna görə Qeyenin özü də 76-cı dəqiqədə meydandan alınıb. Onun yerinə isə zədəsini sağaldan Xayme Romero çıxıb. Oyunun gedişində zədə alan Miçel isə 83-cü dəqiqədə Abbas Hüseynovla əvəzlənib.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran APOEL eyni xala malik "Qarabağ"la 2-3-cü yerləi bölüşür. A qrupunun digər matçında Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenən İspaniya "Sevilya"sı xallarını 12-yə çatdırıb və birinci pillənin sahibi kimi 1/16 finala yüksəlib. 3 xala malik "Düdelaj" isə qrupda sonuncu pilləyə enib.
----------------------------
“Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olacaq. Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş III tur matçında heç-heçə qeydə alınıb – 2:2. Qarşılaşmanın 13-cü dəqiqəsində Dani Kintana hesabı açsa da, 29-cu dəqiqədə Maksim Medvedev avtoqola imza atıb. 45+1-ci dəqiqədə Linus Hallenius qonaqları önə keçirdiyi halda, 58-ci dəqiqədə Ailton Silva son nöqtəni qoyub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.
Beləliklə, hesabında 4 xalı olan “Qarabağ” yer aldığı A qrupunda 2-ci sıradadır. Lider “Sevilya”nın 9, ikinci pillədəki “Düdelanj”ın 3, sonuncu yerdəki APOEL-in isə 1 xalı var.
APOEL indiyə qədər Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 5-də qalib gəlib və 4-də uduzub. “Qarabağ” isə 13 matçdan 4-də qalib gəldiyi halda, 8 dəfə məğlub olub. Komandaların hərəyə 1 görüşü isə heç-heçə ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak zədəlidirlər. Ağdam komandasında isə xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə Azərbaycan millisinin hücumçusu Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, qrupun digər matçında “Düdelanj” “Sevilya”nı qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Lukas Souza, 59. George Efrem, 88 - Maksim Medvedev, 10
Baş hakim: Manuel Şüttenqruber
Yan xətt hakimləri: Roland Brandner və Robert Ştaynaxer
Dördüncü hakim: Kristofer Joger (hamısı Avstriya)
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail)
Nikosiya, “GSP Arena”.