
"Təbii ki, belə gərgin oyun olacağını gözləyirdik. "Neftçi" 2-ci, biz isə 3-cü pillədə idik. Bilirəm ki, futbol ictimaiyyəti də bu oyunu gözləyirdi. Komandanı təbrik edirəm. Ən əsası odur ki, 1:0 hesabı ilə geriyə düşsək də, komanda toparlandı və layiqli qələbəni qazandı".
Klub rəhbəri oyunun sonlarında iki komanda üzvləri arasında baş vermiş gərginliyi futbola xas hal kimi dəyərləndirib. Onun fikrincə, belə gərginlik gözlənilirdi: "Amma hər şey meydanda qalır. Futboldur, yarım saat sonra özlərinə gəlib, barışacaqlar, qurtaracaq".
Axundov 2-ci pilləyə yüksəlmələrinə baxmayaraq, çempionluğu düşünmədiklərini açıqlayıb: "Heyət güclənməlidir. Dövrənin sonuna 3 tur qalıb. Təbii ki, qış "transfer pəncərəsi"ndə islahatlar olacaq. Məşqçilər bunun üzərində işləyəcəklər. Amma qarşıda 3 vacib görüş var, buna hazırlaşacağıq. Əvvəlki müsahibələrimdə də demişdim ki, çempionat başlayandan "3-lüy"ə düşmək və avrokuboklarda oynamaq istəyirik. Təbii ki, bu qələbə vacib idi. Amma mən hələ sevinmirəm. Gələn ilin mayınadək çox zaman var. Futboldur, hər şey ola bilər. Üzərimizdə işləməliyik. Problemlərimiz vardı, onları aradan qaldırmalıyıq. Hələ çempionluq barədə fikirləşmirəm. Məni düzgün başa düşün, bu, heç ağlıma da gəlmir. Əsas olan odur ki, qələbələrimizi davam etdirək, dövrəni yaxşı nəticə ilə bitirək".
Müşahidə Şurasının sədri qələbə qarşılığında mükafatın nəzərdə tutulduğunu da diqqətə çatdırıb: "Mən danışmışdım ki, yaxşı nəticə olsa, mükafatınız da olacaq".
Axundov "Keşlə"yə gəlişindən sonra prezidenti olduğu Azərbaycan Futzal Federasiyasına diqqətinin azaldığına dair iddiaları təkzib edib: "Bunlar tam yalan fikirlərdir. Əsl sözü məndən soruşun, deyim. Mən futbola futzalla gəlmişəm. Yəni, futzalı da böyük futboldan az istəmirəm. Futzal həmişə mənim qəlbimdədir. Kim deyirsə, ona inanmayın".
Federasiya prezidenti Azərbaycan millisinin dünya çempionatının elit-raundunda çətin qrupa düşdüyünü vurğulayıb: "Ağır olacaq. Komandanın baş məşqçisi Joze Alesio Da Silva ilə görüşmüşəm. Öz proqramımız var. İstəyirik ki, ikinci dəfə ölkəmizi dünya çempionatında təmsil edək. Ağır olacaq, amma hazırlıq gedəcək".
Qeyd edək ki, Azərbaycan millisinin elit-raundda rəqibləri Rusiya, Xorvatiya və Slovakiya olacaq. Oyunlar gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək.