Almaniyanın "Ayntraxt" klubunun sabiq futbolçusu Aleks Mayer 2013-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la keçirdikləri ilk oyunu xatırladıb.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı sabiq hücumçu "Bild"ə açıqlamasında Azərbaycana səfərin onun üçün möhtəşəm keçdiyini bildirib.
"Ayntraxt" klubunda ən yaxşı xatirələrim Azərbaycana səfərimlə bağlıdır. Həmin vaxt Bakıda "Qarabağ"la qarşılaşdıq və 2:0 hesabı ilə qalib gəldik. Hər 2 qolu mən vurdum, ancaq bu, çox da önəmli deyildi. Azərbaycana səfərin özü sadəcə möhtəşəm idi. Avropa Liqası harmoniyası ilə bu, xüsusi bir şey idi" - Mayer deyib.
Qeyd edək ki, həmin oyunda "Ayntraxt" məhz Aleks Mayerin qolları ilə qələbə qazanıb - 2:0. Almaniyadakı cavab görüşündə Frankfurt təmsilçisi Azərbaycan klubuna 2:1 hesabı ilə qalib gəlib. Cavab matçında da Ağdam təmsilçisinin qapısına ilk qolu məhz Mayer vurub. Bu futbolçu "Ayntraxt"da 2004 -2018-ci illərdə çıxış edib və 336 oyunda 119 qola imza atıb.