"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarının dəvətini qəbul etməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 38 yaşlı müdafiəçinin özü "CBC Sport"un "Bizim futbol" verilişində qonaq olarkən açıqlama verib. Sadıqov hər iki komandaya 22-23 yaşında ikən baxışa çağırıldığını xatırladıb. Bu, "Neftçi"nin 2004-2005-ci illərdə qızıl medal qazanaraq, Çempionlar Liqasında mərhələ keçdiyi və Moskva MOİK-i ilə qarşılaşdığı dövrə təsadüf edib.
Təcrübəli oyunçu dəvətdən imtinasını bu klubların ona uyğun olmaması ilə əlaqələndirib: "Dedim ki, məni götürsələr belə, orada oynamağa hazır deyiləm. Əvəzində "Kayserispor"a getməyə razılaşdım. Orada hansı səhvlərimin olduğu aydın məsələdir. Nəticədə bu yolu davam etdirə bilmədim. Amma hər halda ilkin mərhələdə nə "Fənərbağça"ya, nə də "Lokomotiv"ə getməyə razı olmadım. Çünki ora gedib ehtiyatda oturacağımı, oynasam belə, istədiyim səviyyədə alınmayacağını bilirdim".
Qeyd edək ki, Rəşad Sadıqov "Kayserispor"da 2005-ci ilin avqustundan 2006-cı ilin avqustunadək forma geyinib. Sonradan o, Türkiyədə "Kocaelispor" və "Eskişehirspor"da da legioner həyatı yaşayıb.