"Qış transfer dönəminin klublarımız üçün zəif keçdiyini deyə bilmərik. Qışda transferlər yayla müqayisədə az olur. Yayda transfer etmək üçün uzun müddət var. Bu, bir neçə ay çəkir. Qışda isə müddət olduqca qısadır. Yayda daha çox oyunçuya baxmaq da mümkündür. Çempionatlar həmin vaxt yekunlaşır deyə, bir çox futboluçunun müqaviləsi mövsümün sonunda başa çatır. Ona görə də çox sayda azad agent statusuna malik oyunçu olur. Klublar da adətən sərbəst futbolçulara üstünlük verir".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında futbol agenti Səbuhi Səfiyarlı Azərbaycan klublarının qış transfer dönəmindəki fəaliyyətini dəyərləndirərkən deyib. Keçmiş klub rəsmisi bildirib ki, oyunçular nadir hallarda qışa qədər müqavilə bağlayırlar: "Hamı çalışır ki, sözləşmə mövsümün sonuna qədər olsun. Qışda sərbəst futbolçu tapmaq çox çətindir. Yayda əksər futbolçunun klubu ilə müqaviləsi bitir və narazı olduqları oyunçu ilə yollarını ayırırlar. Onda rahat futbolçu götürmək olur. Qışda isə hamısının sözləşməsi aktivdir. Klub müəyyən yerləri boşaltmaq və futbolçulara verdiyi maliyyəni azaltmaq istəyir ki, yeni oyunçu götürsün".
Səfiyarlının sözlərinə görə, qışda ən çox transfer edən komandalardan biri məhz "Zirə"dir: "Onlar bir neçə oyunçunu yola sala bildilər deyə, yerlərinə yenilərini götürdülər. Əsas məsələ komandadakı baş məşqçi dəyişikliyi ilə də bağlıdır. Hazırkı baş məşqçi Zaur Həşimovun futbola baxışı əvvəlkindən daha fərqlidir. Futbolçudan başqa şeylər tələb edir. Əvvəlki baş məşqçi Samir Abasovun dövründə gələnlər isə həmin tapşırığı yerinə yetirməyə qadir deyillər. Çünki qarşılarına qoyulan tapşırılar fərqlidir. Ona görə də baş məşqçiyə lazım idi ki, öz düşüncəsinə uyğun futbolçuları kollektivə cəlb eləsin. Digər klublar bu qədər oyunçu transfer etməyiblər. Ehtiyac olmadı və ancaq "nöqtə" transferləri həyata keçirdilər, əsasən çatışmazlıq olan mövqeləri gücləndirmək istədilər. Bu, dünya futbolunda da belədir. Yaydakı transferlərlə qışdakının arasında çox fərq olur" .
Keçmiş menecer Azərbaycan klublarının sabiq futbolçularını yenidən heyətlərinə cəlb etmələrinə də münasibət bildirib: "Futbolçu tapmaq Azərbaycan komandaları üçün çətindir. Çünki ölkəyə hər oyunçu gəlmək istəmir. Məsələn, "Zirə" Yovan Krenetanı qaytarıb. Onun komandaya çox xeyir verəcəyini düşünmürəm. O, komondadakı Miloş Bakraçdan və Anastasios Papazoğlundan üstün futbolçu deyil. Həm də hələ ki, hazır deyil. Digər müdafiəçi Ali Sisey isə təlim-məşq toplanışında və ilk çempionat oyununda yaxşı təsir bağışladı. Növbəti oyunlarda nə olacağını deyə bilmərəm. İlin ilk matçında Adrian Skarlatake meydanda idi. Belə görünür ki, Krneta əsas heyət üçün dəvət olunmayıb. Riçard Qadze də "Zirə"yə sonradan qayıdıb. O, daha yaxşı təsir bağışlayır. Əslində gedən oyunçunun qayıtmasında problem yoxdur. Əvvəlki formasında oynaya bilərsə, niyə də olmasın? Çünki Qadze səviyyəsində oyunçu tapmadılar, bəlkə də var. Amma Azərbaycan çempionatına gəlmək istəmir. Çünki ölkəni tanımır, bilmir hansı ölkə və hansı çempionatdır. Amma Qadze bu ölkədə çıxış edib və münasibətləri var. Çox şeyi bildiyi üçün asanlıqla gələ bilir. Krneta əvvəl yaxşı oynayıb və bu, o demək deyil ki, yenə yaxşı təsir bağışlayacaq. Amma Qadze qayıdıb, oynayır, komandaya köməklik də edir".
Sabiq klub rəsmisi Marko Deviçin "Sabah" qayıdışını və İbrahima Niassenin qısamüddətli dönüşdən sonra "Qəbələ"dən ayrılmasını isə belə şərh edib: "Mən klubda işləsəydim, onu qaytarmazdım. Başa düşdüyüm qədər yeni baş məşqçi Jelko Sopiçin onunla münasibəti yaxşıdır və bir-birilərini tanıyırlar. Klub rəhbərliyi də onu tanıdığı üçün hansısa riskə getmək istəmədilər. Axtardıqları hücumçunu qışda tapa bilmədilər, ona görə istədilər ki, yaya qədər hücum xəttini Deviçlə idarə etinlər. Yayda daha çox sərbəst oyunçu olacaq və daha çox da seçim şansları yaranacaq. Məndə olan məlumata görə, "Sabah" skaut qrupu yaradır və daha dəqiq seçim edəcəklər. "Qəbələ"nin çempionatın gedişində qaytardığı İbrahima Niasse isə qışda komandadan getdi. Mövsümün gedişində vacib oyunlar oldu. Transfer pəncərəsi də bağlı idi. Ona görə də ancaq sərbəst oyunçu götürmək olur. Oktyabr və noyabrda sərbəst oyunçu tapa bilməzsiniz. Yaxşı oyunçuların hamısı müqaviləli olur. Klub da Niasseni tanıyırdı və necə oyunçu olduğuna bələd idi. İki ay zəif şərtlərlə kluba yardımçı oldu. Futbolçu qayıdıb köməklik edirsə, burada qeyri-adi bir şey yoxdur. Problem o zaman olur ki, qayıdıb köməklik edə bilmir. Onda söz-söhbət yaranacaq. Tənqidlər pis oynayanda, əlbəttə, olacaq".
Səfiyarlı klubların Türkiyənin Antalya bölgəsindəki yoldaşlıq oyunları barədə də fikirlərini bölüşüb: "Həmin matçlara baxanda komandalara fiziki baxımdan qiymət vermək çox çətindir. Baş məşqçi bilir ki, həmin oyunda futbolçudan nə istəyir, hansı oyuna hansı yüklənmə ilə çıxır. Kənardan baxanda bunu bilmək olmur. Komandanın axşam oyunu var, bəlkə səhər məşq edib qarşılaşmaya çıxır. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun dönəmində də belə hallar olub. Fiziki hazırlıq üçün səhər komanda məşq edirdi, axşam oyuna çıxırdı. Kənardan da baxan deyirdi ki, komanda hərəkət edə bilmir. Heç kim demirdi ki, komanda səhər məşqə çıxıb. Baş məşqçi isə buna görə oyunçusundan nə istədiyini bilir. Yoxlama oyununda məşqçilər hər cür dəyişiklik edə bilirlər. Çempionatda görəcəyik ki, hansı klublar təlim-məşq toplanışını necə keçiriblər. Klublar öz planlarına uyğun məşqlərini etdilər, oyunlarını keçirdilər. "Keşlə" çox yaxşı təsir bağışladı, "Sumqayıt"ın oyunları yaxşı idi. "Zirə"də oyun baxımından anlaşma olmasa da, nəticə əldə edə bilirdi".
Keçmiş klub rəsmisi "Neftçi"nin təlim-məşq toplanışı zamanı baş məşqçi Roberto Bordinlə yollarını ayırmasını çox nadir hallarda baş verən və qeyri-adi hadisə adlandırıb: "Hər halda, yolların ayrılmağında təəccüblü bir şey yoxdur. Amma problem ondadır ki, niyə kubokda mübarizəni dayandıranda yola salmadılar, təlim-məşq toplanışı ərəfəsində göndərdilər. Gec atılmış addım heç atılmamaqdan daha yaxşıdır. Komanda dekabrın sonlarında kubokla vidalaşdı. Yanvarda isə baş məşqçi göndərildi. 20 gün geciksələr də, qərar verə bildilər. Bordini yola saldılar və Füzuli Məmmədova şans verdilər. Klubun planında yerli baş məşqçi qazanmaq istəyi var və Məmmədovun nəyə qadir olduğunu görmək istədilər. Bordin olsa da, olmasa da komanda ikinci və ya üçüncü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanacaq. Bordinlə də belə olacaq, Bordinsiz də. Komanda Məmmədovun bu aylarda nəyə qadir olduğunu az da olsa, görəcək".
Səfiyarlı son olaraq ölkə çempionu "Qarabağ"ın qışdakı fəaliyyəti ilə bağlı danışıb: "Komandadan gedən oyunçuların hamısının obyektiv səbəbləri var. Mətbuatdan oxuduğumuza görə, Riçard Almeyda həddindən artıq maaş tələb edib. Çünki həmin məvacibi ona verən ərəb klubu var. Aydındır ki, Azərbaycan klubu maddi cəhətdən "Baniyas"la müqayisə oluna bilməz. Almeyda o yaşda deyil ki, Ağdam təmsilçisi o məbləği gözə alsın. Əvvəlki maaşla qala bilsəydi, daha yaxşı olardı. Asmir Beqoviçə aydın məsələdir ki, "Milan"dan təklif gəldi. Heç kim "Milan"ı qoyub "Qarabağ"a gəlməz. Onlar razılaşmağa da çox yaxın idilər. "Milan"dan təklif gələndən sonra hər şey pozuldu. İtaliya klubunun təklifi olmasaydı, "Qarabağ" müqavilə imzalayacaqdı. Dani Kintana son matçlarda çox da oynamırdı. Onun da yaşı az deyil. Hazırda Kintananı əvəz edəcək oyunçular var. "Qarabağ"da gəncləşməyə ehtiyac var idi. Onların yola salınmasında təhlükəli, qorxulu bir şey yoxdur. "Qarabağ" artıq işləyə bilir və oyunçu da tapır. Azərbaycan çempionatı üçün Beqoviçin əvəzinə Şahruddin Məhəmmədəliyevlə də rahatlıqla çempion olacaqlar. Birmənalı şəkildə çempion olacaqlar. Tələskənliyə və panikaya düşməyə ehtiyac yoxdur. Öz işlərini yaxşı bilirlər deyə, transferdə çox da riskə getmədilər".