"Hələ də bu oyunun təsiri altındayam. Mənə yuxu kimi gəlir. Özümü qəribə hiss edirəm".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Zirə" klubunun futbolçusu Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyun haqqında danışarkən deyib.
26 yaşlı qapıçı bildirib ki, matça yaxşı hazırlaşsalar da, rəqibin bəxti gətirib: "Biz özümüz də müdafiədə və hücumda düzgün oynamadıq. Oyuna tam köklənə bilmədik. Demək olar ki, rəqibin hər hücumu qolla nəticələndi. Bu, elə bir hesabdır ki, istənilən söz artıqdır. Komandanın içindəyəm, uşaqların nə qədər məyus olduqlarını bilirəm. Burada baş məşqçilik bir iş yoxdur. Sadəcə, oynaya bilmədik. Komandamız sanki "yatmışdı". Kənardan oyuna baxan dost-tanış da bizə bu sözü dedi. "Zirə"nin potensialı bu deyil. İtkilərimiz olsa da, komandamızda yaxşı futbolçular var".
Sadıqlı məğlubiyyəti ən qısa zamanda unutmalı olduqlarını söyləyib: "Qarşıda "Keşlə" ilə oyunumuz var. Bu görüşə ötən matçımızın təsiri altında hazırlaşmaq çox çətin olacaq. "Qarabağ"a uduzmaq olar, amma 0:6 hesabını özümüz də gözləmirdik".
Qapıçı komanda yoldaşı Cavid Hüseynovun oyunun 67-ci dəqiqəsində qırmızı vərəqə gördüyü epizod haqqında da danışıb: "Baş hakim Rəhim Həsənovun idarəçiliyinə bir söz deyə bilmərəm. Yəqin ki, oyuna yanaşmamız bir qədər boş olub. Yaxud da qələbə istəyindən irəli gələn emosiyaları cilovlaya bilməmişik. Cavid Hüseynov, Ağabala Ramazanov, İlkin Muradov - hər üçü istənilən komanda üçün vacib oyunçulardır. Deyirlər ki, əsəbi başda ağıl olmaz. Əsəbləri cilovlamaq lazımdır. Ümid edirəm ki, bundan sonra belə şeylər olmaz. Çünki aparıcı futbolçuların cəzalı olmaları oyunumuza mənfi təsir edir. Hər futbolçunun komandamızda öz yeri var. İnanıram ki, "Keşlə" ilə matçda qələbə qazanıb, vəziyyətdən çıxacağıq".
Sadıqlı Hüseynovun qırmızı vərəqə aldığı epizodla bağlı isə bunları deyib: "Həmin epizoddan uzaq idim. Oyundan sonra özü ilə də danışmamışam. Baş hakim birbaşa qırmızı vərəqə göstəribsə, yəqin, nəsə olub. Ancaq həmin epizodda Cavidə qarşı qayda pozuntusu var idi. Rəqib futbolçulardan onu formasından çəkən, vuran oldu. Cavid də emosiyalarını cilovlaya bilmədi".
Qeyd edək ki, "Zirə" Premyer Liqada ardıcıl 2 turdur uduzur. Komanda hər iki oyunda meydanda azlıqda qalıb.