
Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin idman zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil Şöbəsi, Quba rayon Gənclər və İdman İdarəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkiltçılığı ilə gənc qızlar arasında futzal turniri keçirilib.
Sportnet.az xəbər verir ki, yarış Azərbaycan Gənclər Fondunun qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Gənclik spartakiadası” adlı layihə çərçivəsində təşkil olunub. Açılış mərasimində çıxış edən layihə rəhbəri Aytac Əhmədova bildirib ki, əsas məqsəd regionda yaşayan gənc qızların idmama marağının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək verməkdir.
Rəsmi hissə başa çatdıqdan sonra Quba şəhərində yaşayan və təhsil alan, eləcə də Dağlı və Qaraçay kəndlərində yaşayan gənclərdən ibarət 4 komandanın iştirakı ilə turnirə start verilib.
Yekunda Dağlı kəndini təmsil edən qızlardan ibarət komanda turnirin qalibi adını qazanıb. Quba şəhər 5 saylı tam orta məktəbində təhsil alan qızların birləşdiyi komanda ikinci, Qaraçay kənd təmsilçiləri isə üçüncü mükafata sahib olub.
Mükafatlandırma mərasimində qaliblər layihə çərçivəsində hazırlanmış kubok, medal, diplom və bukletlərlə təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində Qubada yaşayan və təhsil alan gənc qızların iştirakı ilə voleybol və stolüstü tennis yarışları da keçiriləcək.