Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təsis olunmasından 28 il ötür.
Sportnet.az-ın məlumatına görə, 1992-ci il martın 26-da yaradılan milli assosiasiya Azərbaycanda futbola nəzarət edən müstəqil qeyri-hökumət təşkilatıdır. Qurumun baş qərargahı Bakıda yerləşir, region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur.
AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.
Qurum FİFA və UEFA-nın üzvüdür. AFFA 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində FİFA-ya üzv qəbul olundu.
AFFA-nın ilk prezidenti Fuad Musayev, vitse-prezidenti Fətulla Hüseynov, baş katibi isə Tofiq Bəhramov olub.
2008-ci ildən Rövnəq Abdullayev assosiasiya prezidentidir. Hazırda AFFA-nın 4 vitse-prezidenti var. Rauf Əliyev 2007, Elşad Nəsirov 2008-ci ildən bu vəzifədədirlər. Bu ilin yanvarında keçirilən seçkidən sonra 2007-ci ildən baş katib olan Elxan Məmmədov, həm də icraçı vitse-prezident vəzifəsinə seçilib. Dördüncü vitse-prezident isə Vaqif Sadıqovdur.