10-cu ildönümünə hazırlaşan “Sumqayıt” klubunun ilk xal və ilk səfər qələbəsi "Qarabağ"la görüşə təsadüf edib. Sportnet.az-ın məlumatına görə, 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan klub ilk xalını elə həmin mövsümün V turunda qazanıb.
11.09.2011-ci ildə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” - “Qarabağ” görüşündə hesab açılmayıb. Bu heç-heçə Bernhard Raabın rəhbərlik etdiyi komandanın Premyer Liqa tarixində qazandığı ilk xal kimi tarixə düşüb.
“Sumqayıt”ın ilk qələbəsi isə həmin mövsümün XI turuna təsadüf edib. 30.10.2011-ci ildə doğma arenada AZAL-ı qəbul edən “gənclik şəhəri" təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmada qalib komandanın qollarını Samir Abdulov və Eldar Məmmədov vurub.
“Sumqayıt”ın ilk səfər qələbəsi isə 05.11.2011-ci ilə təsadüf edib. Həmin mövsüm “Qarabağ”la matçda ilk xalını qazanan komandanın ilk səfər qələbəsi də Ağdam təmsilçisinə qarşı olub. Quzanlı Olimpiya Kompleksinin stadionunda baş tutan görüşdə “Sumqayıt” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda Kamil Nurəhmədov və Murad Səttarlı fərqlənib.
Qeyd edək ki, bu mövsüm "Qarabağ"ın yeganə məğlubiyyəti məhz "Sumqayıt"la görüşə təsadüf edib. "Kapital Bank Arena"da 22.11.2019-cu ildə şəhərin 70-ci ildönümünə təsadüf etmiş 12-ci tur qarşılaşmasında meydan sahibləri 2:1 hesablı qələbəyə imza atıb.