Türkiyədə futbol hakimliyi ilə məşğul olan azərbaycanlı tələbə İsa Məmmədov "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Koronavirusa yoluxana qədər Azərbaycanda heç kim Türkiyədə hakimlik etdiyinizi bilmirdi. Bu səbəbdən, əvvəlcə özünüz barədə məlumat verərdiniz...
- Gəncə şəhərində anadan olmuşam, 20 yaşım var. Gəncədə 26 saylı orta məktəbdə 9-cu sinifə qədər oxumuşam. Sonra Bakıda Respublika Olimpiya İdman Liseyinin (ROİL) futbol bölməsinə daxil olmuşam. Hazırda isə Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kurs tələbəsiyəm. Eyni zamanda, 2 ildir futbol hakimi kimi fəaliyyətimi davam etdirirəm.
- Virusa yoluxduğunuzu nə vaxt bildiniz?
- Dad və qoxubilmə qabiliyyətimi itirdiyim üçün xəstəxanaya müraciət etdim. Orada məni COVID-19 şöbəsinə göndərdilər. Orada maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçdim və qan analizi götürdülər. Həmin vaxt cavablar yaxşı çıxdı. Sonra boğaz və burnumdan yaxma götürdülər. Bunların cavabı gec çıxdığı üçün müqavilə bağlayıb, ev şəraitində karantinə göndərdilər. Növbəti gün səhiyyə nazirliyindən zəng vurub koronavirus testimin müsbət çıxdığını dedilər. Təcili tibbi yardım maşını ilə evdən məni götürüb xəstəxanaya yerləşdirdilər.
- Xəstəliyin kimdən keçdiyini bilirsiniz?
- Xeyr, bilmirəm. Çünki otaq yoldaşım təhsil müəssisələri bağlandıqdan sonra ailəsinin yanına getdi. Təqribən 40 gündür evdə tək qalırdım. Karantin elan olunduqdan sonra bayıra çıxmamış, heç kimlə ünsiyyətdə olmamışdım.
- Hazırda özünüzü necə hiss edirsiniz?
- Artıq 10 gündür xəstəxanada müalicə alıram. Bura gələndən sonra ilk günlərdə yüngül formada təngənəfəslik oldu, nəfəs almaqda çətinlik çəkdim. Amma süni nəfəs aparatı qoşulmadı. Buna həkimlər ehtiyac görmədilər. İndi özümü yaxşı hiss edirəm. Sadəcə, hələ də dad və iy bilmirəm.
- Sonuncu dəfə virusla bağlı test nə vaxt götürülüb?
- Bazar günü növbəti dəfə testdən keçdim. Amma hələ cavab çıxmayıb. Hətta həmin analizin cavabı bəlli olmamış 2-ci testi də götürdülər. Bəlkə də özləri nəticəni bilirlər. Mənə heç nə deməyiblər.
- Xəstəxanadan evə nə zaman buraxılacağınızı bilirsiniz?
- Hələ ki bilinmir. Yəqin ki, testin nəticəsinə görə qərar verəcəklər.
- Sizə necə qulluq edirlər?
- Hər şey əladır, çox yaxşı baxırlar. Hər bir ehtiyacımı qarşılayırlar. Səhiyyə işçilərinə təşəkkürümü bildirirəm.
- Türkiyə Futbol Federasiyasından (TFF) sizinlə maraqlanan olub?
- Əlbəttə. Mənimlə daim maraqlandıqları üçün Karabük şəhərinin icra başçısı Fuat Gürelə, TFF prezidenti Nihat Özdemirə, Mərkəzi Hakimlər Heyətinin sədri Zekeriya Alpa, Türkiyə Fəal Futbol Hakimləri və Hakim-İnspektorları Dərnəyinin (TFFHGD) rəhbəri Abdurrahman Arıcıya, Karabük Şəhər Hakim Heyətinin sədri Doğan Nalbantoğluna, Karabük Fəal Futbol Hakimləri və Hakim-İnspektorları Dərnəyinin sədri Taner Tuncerə minnətdarlığımı bildirirəm. Hər zaman məni diqqətdə saxlayırlar. Həmçinin hakim yoldaşlarıma, müəllimlərimə təşəkkür edirəm. Bundan başqa, burada yaşayan və oxuyan azərbaycanlı tələbələr, dostlarım mənimlə çox maraqlandılar, hər zaman dəstək oldular, təkliyimi hiss etdirmədilər. Hər birinə "çox sağ ol" deyirəm.
- Azərbaycanlı hakimlərdən kimləri tanıyır və hansıları bəyənirsiniz?
- Azərbaycanlı hakimlərdən burada da yaxşı tanınan FIFA dərəcəli referimiz Əliyar Ağayevi çox bəyənirəm. Köməkçi-hakimlərdən isə Vüqar Bayramovun idarəçiliyi xoşuma gəlir.
- Gələcəkdə Türkiyədə, yoxsa Azərbaycanda çalışmaq istərdiniz?
- Azərbaycanın bölgələrində klublar az olduğundan, oyun sayı da çox deyil. Karyeramı gələcəkdə Türkiyədə davam etdirmək istərdim. Ölkəmi burada təmsil etmək fikrindəyəm.
- Dünyada ən bəyəndiyiniz hakim və ya hakimlər kimdir?
- Türkiyədən FIFA dərəcəli hakimlər- Cüneyt Çakır, Mete Kalkavan və Halil Umut Meleri bəyənirəm. Dünyada ən xoşladığım referilər isə almaniyalı Feliks Brix və ispaniyalı Antonio Migel Mateu Laosdur.
- Hakimliklə bağlı əsas hədəfiniz nədir?
- Hədəfim gələcəkdə böyük oyunları idarə etmək və azərbaycanlı hakim kimi tarix yazmaqdır. Ən böyük arzum isə Gəncə şəhər stadionunda oyuna çıxmaq və arenanın qədim tunelindən keçməkdir.