“Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə, belə hallarda baş məşqçi məsuliyyəti öz üzərinə götürür".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze səfərdə "Sabah"a 1:7 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, bu oyunu analiz edib səhvlərdən nəticə çıxarmaq lazımdır: "Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Futbolçularımızın əksəriyyəti birmənalı olaraq bu oyuna hazır deyildi. İki çox sadə səhvlərdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. “Sabah” kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə, analiz etməliyik. Danışacaq çox şey yoxdur”.













































































