
Rusiya Super Kuboku uğrunda matçda "Zenit" və "Lokomotiv" komandaları üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Moskvadakı "VEB Arena"da keçirilmiş görüş Sankt-Peterburq təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Qalib komandadan topları Artyom Dzyuba 14-cü, Məhəmməd Ozdoyev 69-cu dəqiqədə vurub. 72-ci dəqiqədə isə Vedran Çorluka təsəlli qoluna imza atıb. Bu görüşdə piterlilərin İngiltərə "Liverpul"undan aldığı müdafiəçi Deyan Lovren debüt edib.
Qeyd edək ki, "Zenit" tarixində 5-ci dəfə Rusiya Super Kubokuna yiyələnib. Ötən mövsüm bu klub həm çempionluq, həm də kubok qazanıb. Ona görə də Superkubok matçında rəqib qismində Premyer Liqanın gümüş mükafatçısı "Lokomotiv" çıxış edib.