Azərbaycan Premyer Liqasının I turunda Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Zirə" arasında keçirilmiş oyunun başlama saatı 11 gün əvvəldən müəyyənləşdirilib.
Sportnet.az xəbər verir ki, 23 avqust saat 19:00-da başlanmış matç yağışlı havada baş tutub. Meydanın drenaj sistemi qarşılaşmanın keçirilməsinə əngəl törətməsə də, ehtiyat tədbirlər nəzərə alınmayıb. Məsələn, oyun yağış yox, qatı duman şəraitinə təsadüf etsəydi, sona çatdırılması nə qədər real olacaqdı? Doğrudanmı, əvvəlki mövsümlərdə baş vermiş analoji hallardan dərs çıxarılmayıb?
Oyunu canlı izləyən Sport24.az saytının baş redaktoru Ceyhun Əliyevin sözlərinə görə, təşkilatçı Peşəkar Futbol Liqası (PFL) mütləq bu məqama diqqət yetirməlidir: "Qəbələ spesifik iqlimə sahibdir və bu, xüsusilə yaz və payız aylarında özünü büruzə verir: "Gecə dumanı, sərt havası təbiətsevərlər üçün əvəzolunmaz bir istirahət məkanına çevrilir. Amma söhbət futboldan gedirsə, mütləq bu məqama diqqət yetirilməlidir. Ötən tur avqust ayına təsadüf etmişdi ki, yayda qatı duman az olur. Amma “Qəbələ”nin növbəti ev oyunu böyük ehtimalla sentyabrın son dekadasında baş tutacaq. Əlbəttə, axşam saatlarında qatı duman gözləntisi yetərincə real olur ki, bu da oyunun baş tutmaması təhlükəsini yaradır".
C.Əliyev hesab edir ki, sentyabrdan başlayaraq, mövsümün ilk yarısında Qəbələdə keçirilən oyunları 13:30 - 16:00 radələrində başlanılmalıdır. Bu, havanın erkən qaralmasına uyğun olaraq müəyyənləşdirilməlidir. Eyni xətti fevral və mart aylarında da davam etdirmək lazımdır.
"Qəbələ" klubu da Azərbaycan Premyer Liqasının I turunda "Zirə" ilə keçirdiyi ev matçının axşam saatlarına təyin edilməsinə münasibət bildirib. Əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov bunun mövsümlə bağlı olduğunu söyləyib: "Yaydakı matçlar həmişə axşam saatlarına salınıb. Bu dəfə isə yağış yayıb, adətən qışda oyunlar bir az tez olur. Yay aylarında isə havanı düşünüb axşam saatlarına təyin edilir".
Əzizov vaxt təyin edilərkən klub və PFL arasında qarşılıqlı razılıq olduğunu sözlərinə əlavə edib: "Danışırıq və ən uyğun saatı seçirik. Yəqin ki, çox anormal saat olsaydı, klub müdaxilə edərdi. Əvvəl təyin edilən vaxtlar avqust üçün keçərli deyil. Bu ayda heç kim ardıcıl yağış olacağını gözləmirdi".
Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov isə məsələyə belə münasibət bildirib: "Yaxşı ki, matçı 19:00-a salmışdıq. Yağış dayandı və matçı başa vurduq. Saat 4-5 də yağış güclü idi. Bizim əsasnamadə göstərilib ki, oyunların ən gec başlama vaxtı 21:30-dur. Biz də matçı 19:00-a salmışdıq və hansısa problemin olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, avqust ayıdır. Amma son günlər bir az sərin keçir. Qışa doğru getdikcə isə həm Bakıda, həm də bölgədəki matçlarda vaxtların dəyişikliyi nəzərə çarpır. 19:00 avqust üçün normaldır və matçı da yaxşı keçirdik, meydan ideal vəziyyətdə idi".
PFL rəsmisinin sözlərinə görə, bəzən elə tur olur ki, onu 10-15 gün əvvəl açıqlayırlar: "Hamıya bəllidir ki, hava proqnozuna 7 gün əvvəldən tam dəqiq baxmaq olur. Aylıq hava proqnozları olur, amma ən çox həftəliyə diqqət edirik. Turlar arasında qısa vaxtlar olanda, oyunları 4-5 gün əvvəldən təyin edəndə, havaya baxmaq olur, 13-14 gün əvvəl müəyyənləşdirmək isə çətin məsələdir".
Qeyd edək ki, "Qəbələ" - "Zirə" oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.