
"Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Rəqibimiz yetərincə güclüdür. Amma biz daha güclüyük. Komanda şəklində oyun sərgiləyərək, mərhələ keçməyə çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Şimali Makedoniya "Şkendiya"sının müdafiəçisi Eqzon Beytulay "Sumqayıt"la keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.
26 yaşlı kapitan bildirib ki, avrokubok təcrübəsindən əlavə, hazırlıq səviyyələri onlara mərhələ adlamaqda yardımçı ola bilər: "Sumqayıt"ın evdə oynamasının üstünlük olduğunu deməklə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Oyun 90 dəqiqədir və hamının imkanları bərabərdir. Hazırlıq səviyyəmiz və avrokubok təcrübəmizi üstünlüyümüz sayırıq".
Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq.