İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli "Fiorentina" komandasının sükanı arxasına keçib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 63 yaşlı mütəxəssis yeni vəzifədə Cüzeppe Yakinini əvəzləyib. Təqdimat mərasimi noyabrın 10-da keçiriləcək.
A Seriyasında 7 turdan sonra "Fiorentina" 8 xalla 12-ci yerdə gedir.
Prandelli daha əvvəl 2005 - 2010-cu illərdə də Florensiya komandasına rəhbərlik edib. O, "bənövşəyilər"i Çempionlar Liqasına çıxaran son baş məşqçi olub. Təcrübəli mütəxəssis əvvəllər Türkiyənin "Qalatasaray" klubunda da çalışıb.
İtaliyalı baş məşqçi yığmaya 2012-ci il Avropa çempionatının gümüş, Konfederasiyalar Kubokunun bürünc medallarını qazandırıb. O, 2018-ci ildə ölkəsinin ən yaxşı baş məşqçisi seçilib.