Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qəbələ" Sumqayıtda şəhərin eyniadlı komandasına 1:0 hesabı ilə qalib gəlib.
Qonaqlara qələbə qazandıran qola 16-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi Rafael Utriq imza atıb.
Bu nəticədən sonra 11-ci xalını qazanan əyalət təmsilçisi 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. Ardıcıl 3-cü oyunda məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 15 xalla 4-cüdür.
Qeyd edək ki, turun əvvəlki 3 oyunu heç-heçə ilə başa çatıb. "Neftçi" evdə "Zirə" ilə qolsuz bərabərə qalıb. "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" matçlarında isə 1:1 hesabı qeydə alınıb.
------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XI turun son görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Əslində bu oyunun noyabrın 28-də təşkili nəzərdə tutulmuşdu. Lakin "Qəbələ"nin heyətində koronavirusa yoluxmuş futbolçular üzündən qarşılaşmanın 30 noyabra təxirə salınması qərara alınmışdı.
Hazırda "Sumqayıt" 15 xalla 4-cü, "Qəbələ" 8 xalla 8-ci yerdə gedir. Meydan sahibləri qalib gəlsələr, bir pillə irəliləyəcəklər. Qonaqları isə qələbə 6-cı pilləyə yüksəldəcək.
İndiyədək bu komandalar çempionatda 32 dəfə üz-üzə gəliblər. Bunların 4-də "Sumqayıt", 18-də "Qəbələ" üstün olub, 10 matçda isə heç-heçə qeydə alınıb. "Qırmızı-qaralar" topların nisbətində də böyük fərqlə öndədir - 54:25.
Digər tərəfdən, “Qəbələ” son üç oyunda uduzmayıb. “Sumqayıt” evdə keçirdiyi son üç matçdan qolsuz və xalsız ayrılmayıb.
Azərbaycan Premyer Liqası, XI tur
30 noyabr (bazar ertəsi)
16:00. "Sumqayıt" - "Qəbələ" - 0:1
Qol: Rafael Utrix, 16
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə" ilə 0:0, "Keşlə" "Sabah"la və "Səbail" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.