
"Qarabağ" klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın ekun qərarına hələ ki, apellyasiya şikayəti verməyib.
Bu barədə Spornet.az Ağdam klubunun baş meneceri Asif Əsgərov açıqlamasında bildirib.
O deyib ki, müraciət üçün Avropa futbol qurumunun təyin elədiyi vaxt mövcuddur: "Apellyasiya üçün 5 gün vaxt verilir və biz bundan istifadə edəcəyik. Hüquqi detalları açıqlaya bilmərəm. Amma onu deyə bilərəm ki, bu həftə ərzində Nurlan İbrahimovla bağlı apellyasiya şikayətini UEFA-ya təqdim edəcəyik".
Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib. Qurum daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.