İspaniya "Real Madrid"inin baş məşqçisi gələcəkdə Fransa milli komandasının sükanı arxasına keçməsinin mümkünlüyünü istisna etməyib.
Sportnet.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre ilə gözəl münasibətlərinin olduğunu açıqlayıb. Le Qre ilə 2018-ci ildən tanış olduğunu deyən Zidan bildirib ki, nə vaxtsa yığmaya rəhbərlik edə bilər.
"Mən bunu hələ 10 il əvvəl məşqçilik karyerama başladıqda demişdim. Hazırda "Real Madrid"ə rəhbərlik edirəm və bu, mənim xoşuma gəlir. Gələcəkdə necə alınacağını zaman göstərər" deyə o vurğulayıb.
Qeyd edək ki, FFF prezidenti Noel Le Qre Didye Deşam baş məşqçi postundan gedəcəyi təqdirdə, Fransa millisinin sükanı arxasına keçməyə əsas namizəd qismində Zinəddin Zidanı gördüyünü açıqlayıb.