"Burada ilk sual bundan ibarətdir ki, Maksim Medvedev bu epizoda cəlb olunmuşdumu? Cəlb olunmuşdusa, hansı məqamda?".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik İTV-də yayımlanan "Bol idman" verilişində Azərbaycan Premyer Liqasının XV turunun "Qarabağ" - "Neftçi" oyunundakı (1:2) qərarları şərh edərkən deyib.
Avstriyalı funksioner bildirib ki, Ağdam klubunun vurduğu qol zamanı Maksim Medvedev oyundankənar vəziyyətdə idi: "Amma bu vaxt qayda pozuntusu, rəqibə müdaxilə oldumu? Təbii ki, vacib məqamlardan biri cəld yox, düzgün qərarın verilməsidir. Hər hansı qərarda şübhə olduqda baş hakim və köməkçisi bir-birilərinə yaxınlaşmalıdır. Çünki kommunikasiya vasitəsilə nəyi isə eşitməyə bilərsiniz. Bundan sonra düzgün qərar verilməlidir. Bu videoya dəfələrlə baxmışam, orada Maksimlə Antonun bir-birilə kontaktı yoxdur. Referi tam düzgün qərar verib".
Ştuxlik "Qarabağ"dan Kevin Medina, "Neftçi"dən isə Mamadu Kane və Voislav Stankoviçə göstərilən vərəqlələrin də doğru olduğunu vurğulayıb.