
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Abdullah Zubir açıb. "Köhlən atlar" fasilədən dərhal sonra - 46-cı dəqiqədə ikinci qolu vurublar. Bu dəfə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov topu öz qapısından keçirib. 59-cu dəqiqədə Əli Qurbani hesab arasındakı fərqi mimimuma endirib. 71-ci dəqiqəda Zubir dubl edib. 7 dəqiqə sonra isə Filip Ozobiç çətin vəziyyətdən qapını dəqiq nişan alıb. Xorvatiyalı yarımmüdafiəçi eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 46-ya çatdıran "Qarabağ" zirvədə bir qədər də möhkəmlənib. Artıq bu komandanı ikinci sıradakı "Neftçi"dən 3 xal ayırır. "Sumqayıt" isə 29 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, günün ilk matçında "Zirə" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Ötən gün keçirilən qarşılaşmalarda isə "Neftçi" səfərdə "Qəbələ" ilə 2:2, "Səbail" isə "Sabah"la 0:0 hesablı bərabərliyə razılaşıb.
----------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" evdə autsayder "Keşlə" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran meydan sahibləri 3-cü pillədə mövqeyini qoruyub. Qonaqlar isə 19 xalla sonuncu sırada qalıb.
Tura bu gün saat 19:15-də başlayacaq "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" evdə "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail"lə 0:0 hesablı heç-heçəyə razılaşıb.
------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı paytaxtda olacaq. 31 xalla 3-cü pillədə qərarlaşan "Zirə" 18 xalla sonuncu sırada yer alan "Keşlə"ni qəbul edəcək. Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəliblər. Bunların 7-də meydan sahibləri, 6-da qonaqlar 3 xal qazanıb. 9 görüşdə isə heç-heçə qeydə alınıb. Bu rəqiblərin Premyer Liqadakı son 5 qarşılaşmasında ən azı 4 qol vurulub. “Keşlə” ardıcıl 3 səfər matçında "Zirə"yə uduzub.
Günün digər oyununda "Qarabağ" "Sumqayıt"la üz-üzə gələcək. Hazırda 43 xalla 2-ci pillədə gedən Ağdam klubu yenidən vahid liderə çevrilməkdən ötrü uduzmamalıdır. "Gənclik şəhəri" təmsilçisi isə 29 xalla 4-cüdür.
Bu, komandaların çempionatda 35-ci oyunu olacaq. Əvvəlki 34 görüşün 24-də "köhlən atlar", 5-də isə qonaqlar qələbə qazanıb. Digər 5 matç isə heç-heçə yekunlaşıb. “Sumqayıt” son 4 Premyer Liqa oyununda rəqibinə qalib gələ bilməyib. “Qarabağ” isə ardıcıl 10 ev oyununda qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXII tur
17:00. “Zirə” – “Keşlə” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
19:15. “Qarabağ” – "Sumqayıt" - 4:1
Qollar: Abdullah Zubir, 45+1; 71, Cəmaləddin Xocaniyazov, 46 (öz qapısına), Filip Ozobiç, 78 - Əli Qurbani, 59
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”
Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail" komandası ilə 0:0 hesablı heç-heçə edib.