Azərbaycan Premyer Liqasının XXIII turunun “Zirə” ilə oyunu “Neftçi”nin futbolçusu Namik Ələskərov üçün ikiqat yubileylə əlamətdar olub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 100-cü çempionat matçında 25-ci, ardınca 26-cı qoluna imza atıb. Paytaxt təmsilçisinin heyətində 2016/2017 mövsümündə debüt edən Ələskərov həmin çempionatda 11 qarşılaşmada (2 qol) şans qazanıb. 2017/2018 mövsümündə 27 (5 qol), 2018/2019 mövsümündə 23 (3 qol), ötən çempionatda 18 dəfə meydana çıxan 26 yaşlı forvard cari turnirdə 21-ci görüşündə 16-cı dəfə rəqib qapısına yol tapıb.
O, “Neftçi”nin tarixinə Azərbaycan çempionatında 100 və ya daha çox oyun keçirən 26-cı futbolçu kimi düşüb. Paytaxt təmsilçisinin rekordçusu İqor Getmandır. Sabiq müdafiəçinin hesabında 182 oyun var.
Ələskərov klub tarixində Azərbaycan çempionatında 25 və daha çox qol vuran 15-ci futbolçudur. Hesabını 26 topa çatdıran yarımmüdafiəçi Fərrux İsmayılov (25 qol), Zaur Tağızadə və İlham Məmmədovu (hər ikisi 24 qol) keçərək 14-cü sıraya qalxıb. Rekord isə Samir Ələkbərova məxsusdur – 99 qol.