Avropanın 12 futbol klubu Superliqanın yaradıldığını bəyan edib.
Sportnet.az xəbər verir ki, qərarı İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” və “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları qəbul edib.
Daha 3 klubun yaxın vaxtlarda başlanacaq yeni mövsümədək Superliqaya qoşulacağı gözlənilir. Gələcəkdə təsisçi klublar UEFA və FIFA ilə məsləhətləşmələrə ümid edirlər. Yeni turnirin layihəsi Avropanın ən yaxşı 20 klubundan ibarət vahid liqanın yaradılmasını nəzərdə tutur.
Superliqaya 15-i təsisçi, 5-i isə hər il əvvəlki mövsümün nəticələri əsasında olmaqla, 20 klub buraxılacaq. Bütün matçlar həftənin ortalarında keçiriləcək. Mövsüm avqustda başlayacaq.
Hər qrupdan 3 ən yaxşı klub 1/4 finala avtomatik vəsiqə qazanacaq. 4-5-ci yerləri tutanlar əlavə 2 matçlıq pley-off oynayacaqlar. Daha sonra finaladək 2 oyunluq pley-offlar olacaq. Final oyunu mayda neytral meydanda keçiriləcək.
Yaxın vaxtlarda kişilərin yarışı start götürdükdən sonra qadın liqası da yaradılacaq.
Superliqada çıxış edən hər bir klub 350 milyon avro qazanacaq. 20 komanda iki bərabər qrupa bölünəcək və onlar mövsüm ərzində 18 - 23 oyun keçirəcəklər.
Qərar UEFA-nın kəskin etirazına səbəb olub. Avropa futbol qurumu Superliqada iştirak edəcək klubları və futbolçuları ciddi sanksiyalarla hədələyib. Bildirilib ki, bu turnirə qatılacaq istənilən klub və oyunçu UEFA və FIFA bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılacaq. Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb.
UEFA yeni layihədə iştirakdan imtina etmiş klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkür edib.
Qeyd edək ki, Superliqanın prezidenti postu Florentino Peresə ("Real Madrid"), vitse-prezident vəzifələri isə Andrea Anyelli ("Yuventus") və Coel Qleyzerə ("Mançester Yunayted") həvalə olunub.