Argentina millisinin futbolçusu Lionel Messi yığmada vurduğu top sayında rekordun bir addımlığındadır.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı hücumçu braziliyalı Peleyə məxsus 77 qolluq Cənubi Amerika rekordunu təkrarlaya bilər. O, Amerika Kubokunun 1/4 final mərhələsində Ekvadoru 3:0 hesabı ilə yendikləri oyunda son nöqtəni qoyub. Beləliklə, Messi yığmadakı 149-cu matçında qol sayını 76-ya çatdırıb.
Təcrübəli forvardın aktivində 51 məhsuldar ötürmə də var. Pele isə 77 qolu 91 oyuna vurub.
Qeyd edək ki, Argentina yığması Amerika Kubokunun yarımfinalında Kolumbiya ilə üz-üzə gələcək. Görüş iyulun 7-də keçiriləcək. İyulun 6-da isə Braziliya və Peru milliləri arasında digər 1/2 final görüşü keçiriləcək.