"Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab matçına çıxıb.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" Finlandiyada HİK-in qonağı olub.
"Bolt Arena"da keçirilmiş qarşılaşmanı Almaniyanı təmsil edən FIFA referisi Deniz Aytekin idarə edib. Görüşün əvvəli kəşfiyyat xarakteri daşıyıb. 14-cü dəqiqədə meydan sahibləri hesabı açsa da, oyundan kənar vəziyyət qeydə alınıb. Flaqman ilk yarının sonuna qədər üstün tərəf olub. Buna baxmayaq cəhdlər uğursuz alınıb.
Əvəzində rəqib ikinci hissənin əvvəlində istəyinə çatıb. 46-cı dəqiqədə Roope Riski hesabı açıb. 58-ci dəqiqədə Mamadu Mboc cərimə meydançasında rəqibə qarşı kobudluq edib və Deniz Aytekin 11 metrlik nöqtəni göstərib. Topa yaxınlaşan Roope Riski özünün və komandasının ikinci qoluna imza atıb. 29 yaşlı hücumçu 89-cu dəqiqədə həm het-trikini, həm də komandasının qələbəsini rəsmiləşdirib.
Rəqibinə 0:3 hesabı ilə uduzan "Neftçi" Avropa Liqası ilə vidalaşıb. Komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi - 2:2. Flaqman Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2. Cavab matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
------------------------------------------------------------
Bu gün "Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu kollektiv Finlandiyanın paytaxtı Helsinkidəki "Bolt Arena"da HİK-in qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edəcək.
Bu komandalar arasında avqustun 3-də "Bakcell Arena"da oynanılmış ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. UEFA səfər qolu qaydasını ləğv etdiyindən, istənilən hesablı heç-heçə cavab görüşünü əlavə vaxta aparacaq.
"Neftçi" və HİK bunadək Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edib. Azərbaycan klubu Yunanıstan "Olimpiakos"u (0:1; 0:1), Finlandiya təmsilçisi isə İsveç "Malmö"sü (1:2; 2:2) ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.
Komandalar meydana itkilərlə çıxacaqlar. "Neftçi"dən Namik Ələskərov zədə, Uqo Basto isə koronavirusa yoluxması səbəbindən oynamayacaq. HİK-ə gəldikdə, müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.
Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşacaq. Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. HİK (Finlandiya) - "Neftçi" (Azərbaycan) - 3:0
Qol: Riku Riski, 46. 60 (p), 89
Hakimlər: Deniz Aytekin, Kristian Diets, Markus Sinn, Martin Petersen (hamısı Almaniya)
"Bolt Arena"
İlk oyun - 2:2.