
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Fransanın "Klermon" klubunun qapıçısı Eldar Tağızadə "Report"un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Fransada işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Zədədən yeni qayıtmışam. Bu həftəsonu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında yüksək liqada "Strasburq"a qarşı oynayacağam. Əsas komandamız isə Liqa 1-də çıxış edir. B komandasında oynasam da, A komandası ilə məşq edirəm.
- Bəs, Fransa klubuna keçidiniz necə baş tutdu?
- Oyunuma baxdıqdan sonra mənimlə əlaqə saxladılar. Əvvəlcə baxışa yollandım. Daha sonra məni komandaya götürdülər.
- Komandanızda ümumi ab-hava, vəziyyət necədir?
- Oyunlarımız zamanı stadionda xeyli azarkeş olur. Ümumi vəziyyət yaxşıdır. Sadəcə, orada oynamaq çox ağırdır. Böyük fiziki güc tələb olunur. Daha əvvəl İspaniyada çıxış etmişəm. Fransa futbolu tamam fərqlidir.
- Yəqin ki, fiziki hazırlıq qapıçılar üçün elə də vacib deyil...
- Xeyr, önəmlidir. Çünki oyunlarda çıxışlar çox olur. Hamı mübarizəyə böyük qüvvə sərf edir. Fiziki baxımdan güclü olmaq üçün hər gün fitnesdə məşq edirik.
- Əsas komandaya yüksəlmək şansınız nə qədərdir?
- Şans həmişə var. Amma əziyyət çəkməsəm, əsas komandaya düşə bilmərəm. Hər gün daha yaxşı olmaq üçün çox çalışıram.
- Baş məşqçi ilə öz çıxışınız barədə danışırsınız: O, sizdən əsasən nə tələb edir?
- Baş məşqçimiz nəticə, yalnız qələbə tələb edir. Hansısa səhv olanda bütün oyunu əhatə edən video-analizlər olur. Orada səhvlərimizi, nəyi düzgün, nəyi səhv etdiyimizi deyirlər.
- Əsas komandaya düşmək üçün sizə nə qədər vaxt lazımdır?
- Hazırda bu barədə nə isə demək çətindir. Bu, indi də ola bilər, bir-iki ildən sonra da. Hər şey özümdən asılıdır.
- Bu yaxınlarda PSJ-yə transfer olunan argentinalı ulduz futbolçu Lionel Messini Fransa çempionatında görə bilmisiniz?
- Xeyr, hələ görə bilməmişik. Amma əsas komandamızın sentyabrın 11-də PSJ ilə səfər oyunu var. Həmin görüşdə Messini görmək imkanım ola bilər.
- Yığmanı Avropa çempionatının seçmə mərhələsində İspaniya, Belçika və Lüksemburqla çətin oyunlar gözləyir. Hazırda Serbiyaya beynəlxalq turnirə yollanırsınız. Seçmə tsikldən nə gözləyirsiniz?
- Biz həm bu turnirə, həm də seçmə mərhələ oyunlarına qələbə üçün gedirik. Necə alınacağı bizdən asılıdır. Turnir oyun praktikası baxımından çox yaxşıdır. Serbiya, Macarıstan və Monteneqro çox güclü kollektivlərdir. Onlara qarşı oynamaq ağır olacaq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.