
"Neftçi"nin qapıçısı Aqil Məmmədovun Sportnet.az-a müsahibəsi
- "Xəzər Lənkəran"la oyun haqda fikilərinizi bildirərdiniz...
- Oyun yaxşı alındı. Daha çox qol vurmaq imkanımız oldu, ancaq bir çoxundan istifadə edə bilmədik. Həm rəqib qapıçı, həm də futbolçuları yaxşı oynadı. Buna baxmayaraq, sevinirəm ki, qələbə qazandıq.
- İlk dəfə "Neftçi"nin heyətində "Böyük oyun"a çıxdınız. Bu görüşdə məğlub olsaydınız və baş məşqçinin ümidini doğrultmasaydınız, bu, Sizdə psixoloji gərginlik yaratmayacaqdı?
- Yox, niyə ki? Burada heç bir problem yoxdur. "Neftçi" çempionluğa oyanayan komandadır. Bizim hər bir oyunumuz böyükdür və vacibdir. Ona görə də hər oyuna ciddi hazırlaşırıq.
- Ancaq turnir cədvəlində hazırkı mövqeyiniz çempionluqdan xəbər vermir...
- Hələ qarşıda oyunlarımız var. Biz öz yolumuza baxırıq. Çalışacağıq ki, növbəti matçlarda da qələbə qazanaq.
- Qış fasiləsindən sonra qazanılan ilk qələbə növbəti oyunlarda sizə stimul verəcək?
- Əlbəttə, bu, bizim üçün çox vacib qələbə idi. Bundan sonra qarşıdakı "Qəbələ" oyunu haqda düşünməliyik.
- Demək olar ki, əsas heyətdə yerinizi tutmusunuz?
- Əsas heyət deyəndə, Saşa Stamenkoviç çox yaxşı qapıçıdır. Azərbaycanda olan ən güclü legioner qapıçı Saşadır. Bu gün Arif müəllim mənə güvəndisə, deməli, belə olmalı idi.
- Oyun zamanı azarkeşlər Stamenkoviçi səsləyirdi. Bu, sizdə hər hansı qıcıq yaratmırdı?
- Bu, normaldır. Çünki o, neçə ildir ki, "Neftçi"nin qapıçısıdır. Buna görə də azarkeşlər Saşanı çox istəyir.
- Deyəsən, "Neftçi" azarkeşləri səni qəbul etmək istəmir...
- Hər şey zamanla düzələcək.