"Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandada istəksizlik yoxdur: "Srdıcıl məğlubiyyətlər və 3 oyuna qol vura bilməməyimiz inamsızlıq yaradır. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır".
Onun sözlərinə görə, hazırkı vəziyyətdən çıxış yolu tapmaq lazımdır: "Yenə deyirəm, bir az vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Oyunlara baxıb təhlil edəcəyik".
Quliyev komanda daxilində hər şey yaxşı olduğunu söyləyib: "Düzdür, məğlubiyyətlər heç kimə xoş deyil, amma ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır".