
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qolsuz yekunlaşıb - 0:0.
Görüşün 90-cı dəqiqəsində maraqlı epizod yaşanıb. Məsiyev əvvəlcə "Sumqayıt"ın, daha sonra "Qəbələ"nin autu səhv yerinə yetirdiklərini bildirərək, topu rəqib tərəfə verib.
Bu nəticədən sonra xalını 10-a çatdıran "Qəbələ" "Qarabağ"ı topların fərqində keçərək, birinci pilləyə yüksəlib. Xalını 7-yə yüksəldən "Sumqayıt" isə 5-ci pilləyə qalxıb.
Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" səfərdə "Səbail"i, "Neftçi" isə "Sabah"ı eyni hesablı məğlubiyyətə uğradıb - 2:1.
--------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun ikinci oyun gününün ilk görüşündə "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol 20-ci dəqiqədə vurulub. Sabir Buqrinin zərbəsindən sonra Ramon Maçadoya dəyən top tora daxil olub. Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub.
"Neftçi" ikinci qoluna 78-ci dəqiqədə əks-hücumun yekununda imza atıb. Bu dəfə Mamadu Kane fərqlənib.
"Sabah"ın təsəlli qolunu isə 81-ci dəqiqədə uzaqdan zərbə ilə Aleksey İsayev vurub.
Beləliklə, xalını 10-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Səbail"i məğlubiyyətə uğradıb - 2:1. Tura saat 19:15-də start götürəcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Masazırda "Sabah" və "Neftçi" komandaları arasında olacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 4 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb. 7 xalı olan qonaqlar isə 4-cüdür.
İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə üz-üzə gəlib. Bunların 9-da "Neftçi" qələbə qazanıb, 2 qarşılaşma heç-heçə başa çatıb. “Sabah” indiyədək rəqibini məğlub edə bilməyib. Topların nisbəti də flaqmanın xeyrinədir - 23:5. “Neftçi” bu komandaya qarşı bütün oyunlarda qol vurub.
Tura Sumqayıtda yekun vurulacaq. 6 xalla 6-cı pillədə qərarlaşan şəhərin eyniadlı təmsilçisi 10 xalla 2-ci olan "Qəbələ"ni sınağa çəkəcək. Oyunda ədaləti FIFA dərəcəli baş hakim Elçin Məsiyev qoruyacaq.
Bundan əvvəl keçirilmiş 35 qarşılaşmanın 5-i meydan sahiblərinin, 20-si qonaqların xeyrinə bitib. 10 görüşdə isə qalib müəyyənləşməyib. Bu matçlarda "gənclik şəhəri" təmsilçisi 27, əyalət klubu isə 56 qol vurub. “Qəbələ” son 6 oyunda yalnız bir dəfə meydanı qolsuz tərk edib. “Sumqayıt” isə son 5 ev matçında yalnız bir dəfə uduzub.
Azərbaycan Premyer Liqası
V tur
26 sentyabr (bazar)
17:00. “Sabah” – “Neftçi” - 1:2
Qollar: Aleksey İsayev, 81 - Ramon Maçado, 20. Mamadu Kane, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”.
19:15. “Sumqayıt” – “Qəbələ” - 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Səbail" isə evdə "Zirə"yə uduzub.