"Belçikaya dünən çatmışıq. Bura gələndən sonra hamımızdan təkrar test götürdülər. Bu gün səhər isə bildik ki, 3 nəfərin analiz nəticəsi müsbət çıxıb".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev komandanın düşərgəsində müdafiəçi Həmzəalı Mikayılov, yarımmüdafiəçilər Adəm Topalov və İbrahim Ağayarovun koronaviursa yoluxmaları barədə danışarkən deyib.
39 yaşlı mütəxəssis bildirib ki, sözügedən futbolçular əsas heyət üzvləridir və onların yoxluğu ciddi itkidir: "Onsuz da buraya cəmi 20 oyunçu ilə gəlmişik. Bu, UEFA-nın qərarıdır. Onların 2-si qapıçı, qalanları sahə oyunçularıdır. Aparıcı futbolçularımızdan 3-nün testi müsbət nəticə verdi. Oktyabrın 12-dək 3 oyunumuz var. Bütün planlarımız alt-üst oldu. Sabah Nerveçlə oynayacağıq. Çox çətin vəziyyətdir. Buna baxmayaraq, məşqə çıxdıq".
Nəbiyev infeksiya aşkarlanan futbolçuların oteldə karantinə alındıqlarını söyləyib: "Təcrid olunublar, otaqdan bayıra buraxılmırlar. Hər üçü xəstəliyi simptomsuz keçirir. Bakıda test verib gəlmişdik. Orada heç bir problem çıxmadı. Onlarla otaq yoldaşı olan futbolçular da var. Hələlik həmin oyunçuların vəziyyəti normaldır. Amma sonrakı günlərdə nə olacağı bilinmir".
Baş məşqçi oyunların təxirə salınmayacağını bildirib: "Bunun üçün yoluxma sayı çox olmalıdır. Uşaqlar 2 ilə yaxındır yerli liqalarda çıxış etmirdilər. Oyun praktikaları yox idi. Koronavirusla bağlı problem isə bizi çox sarsıtdı".
Qrupdakı şanslarını da dəyərləndirən mütəxəssis Norveç, Belçika və Lüksemburqun çətin rəqiblər olduğunu vurğulayıb: "Buraya mübarizə aparmağa gəlmişik. Hədəfimiz var: qrupdan çıxmaq istəyirik. Çətin olacaq, amma bunun öhdəsindən gələcəyimizə inanırıq. Düzdür, test nəticələri heyətdə mənfi atmosfer yaratdı, futbolçularda narahatlıq var. Lakin onlarla danışmışıq. Dedik ki, arxaya yox, irəliyə baxmaq lazımdır".
Qeyd edək ki, U-17 millisi Avropa çempionatının seçmə mərhələsində oktyabrın 6-da Norveç, oktyabrın 9-da Belçika və oktyabrın 12-də Lüksemburqla qarşılaşacaq. Oyunlar Belçikanın Tubize şəhərində keçiriləcək.