Sportnet.az "Sabah" komandasının sabiq futbolçusu Filip İvanoviçin müsahibəsini təqdim edir...
- Yeni komandanızda işlərin necə gedir?
- Hər şey yaxşıdı. Çempionatda liderlərdən biriyik. Hazırda 6 turdan sonra 11 xalla 2-3-cü pillələrdə qərarlaşmışıq. Albaniya çempionatında 3, kubok və superkubokda 1 qarşılaşmada meydanda çıxmışam. Hər şey qaydasındadır. Yavaş-yavaş daha da yaxşı olacaq.
- Bakı üçün darıxmısınız?
-Əlbəttə! Burada 2 ildən çox müddət yaşamışam. Şəhəriniz çox gözəldi. Darıxmamaq mümkün deyil.
- Bəs “Sabah” üçün?
- Hamı bilir ki, mən bu komandanı sevirəm. Onun üçün nələr etdiyim də hər kəsə bəllidir. Bunları bir-bir sadalamağa ehtiyac yoxdur. Komanda yoldaşlarımdan, həkimlərdən, masajçılardan, klubun ətrafından olanların hamısından soruşa bilərsiniz. “Sabah”ın mənim üçün çox önəmi var idi. Hamıya sevgi, hörmət bəsləyirdim, onlar da mənə...
- Nə baş verdi ki, ötən mövsümün sonunda “Sabah”dan ayrıldınız?
- Klub mənim qalmağımı istəyirdi. Lakin son zamanlar onlardan hörmət hiss eləmədim. Bu səbəbdən də ayrılmaq qərarı verdim.
- Belə başa düşdük ki, həmin dövrdə “Sabah”ın baş məşqçisi olan Ramin Quliyev sizə pis davranıb?
- Yox, yox! Ramin Quliyev mənə çox hörmət edirdi. Hətta komandada qalmağımı da istəyirdi.
- Tək qalır “Sabah”ın prezidenti Maqsud Adıgözəlov? O, sizə hörmətsizlik etdi?
- “Sabah”ın hazırkı durumuna görə üzgünəm. Mən bu klubu fiziki olaraq tərk etmişəm. Amma könlüm həmişə oradadır. Ordakı futbolçular mənim qardaşlarımdılar. Ümid edirəm ki, klubun işləri qaydasına düşəcək və yaxşı nəticələr əldə etməyə başlayacaqlar.
- Konkret, klub prezidenti sizə sayğısızlıq edib?
- “Sabah”da hər kəslə münasibətim yaxşı idi. Hamı klubda qalmağımı istəyirdi. Yeni müqavilə bağlamaq ərəfəsində idik. Klub rəhbərliyindən özümə qarşı hörmət hiss etmədim və qərar verdim ki, buranı tərk edim.
- Konkret olaraq ad çəkmirsiniz. Maqsud Adıgözəlov sizə qarşı hörmətsizlik edib?
-Bizim onunla görüşümüz oldu. Mənə bildirdi ki, əlimdən gələni edəcəm ki, klubda qalasan. Amma dediklərinin heç bir baş vermədi. Bu səbəbdən də klubdan ayrıldım. Özümə qarşı hörmətsizlik hiss etdiyim üçün “Sabah”ı tərk etdim.
- Hazırda “Sabah”ın Azərbaycan çempionatında vəziyyəti yaxşı deyil. Bu haqda nə deyə bilərsiniz?
- Fərdi keyfiyyətlər futbol üçün kifayət deyil. Nəticə üçün hər tərəfli olmaq lazımdı. Komandanın qələbə qazanması üçün əsas məqam budur. Klubda yeni futbolçular çoxdur. Onların adaptasiya olması üçün zamana ehtiyac var. Hər şey daha yaxşı olacaq.
- Son olaraq, klub rəhbərliyindən maaşınızın artırılmasını istədiyiniz üçün sizinlə razılaşmadılar?
- Bu haqda daha danışmaq istəmirəm. Sadəcə, özümə qarşı hörmətsizlik hiss etdim və “Sabah”ı tərk etdim (Offsideplus.az)