"Neftçi"nin heyətlə və ən asası yerli oyunçularla bağlı problemi var. Maraqlıdır ki, avrokuboklar çıxış edəndə də bu problem yaşanırdı. Halbuki orada limit yoxdur. Çempionata yönəliblər, yenə də eyni problemlə üzləşirlər".
Bu fikirləri Sportnet.az-a açıqlamasında futbol agenti Səbuhi Səfiyarlı deyib.
"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında yerli futbolçularının istənilən səviyyədə olmamasından, həmçinin rəqibin Filip Ozobiç kimi milliləşdirilmiş legionerlə çıxış etməsindən şikayətlənib.
Səfiyarlı paytaxt təmsilçisinin plansız və proqramsız seleksiya apardığını bildirib: "Baş məşqçi əvvəlcədən bilməliydi ki, hansı mövqelərdə yerli, hansılarda isə legioner futbolçular oynayacaq. Yerli oyunçunun çıxış etdiyi mövqeyə isə legioner almağa ehtiyac yox idi. Çünki onun əvəzedicisi də yerli olmalıdır ki, limiti qoruya biləsən. Üstəlik, Samir Abasov qeyd edir ki, "Qarabağ" kimi milliləşdirsəydik, bizim də yaxşı yerli statuslu oyunçumuz olardı. Amma mən fikri başqa tərəfə yönəltmək istəyirəm. Orada tək milliləşdirilmiş futbolçular yaxşı oynamır axı. "Qarabağ" klubunun yaxşı səviyyəyə gətirib çıxartdığı oyunçular var. Toral Bayramov, Abbas Hüseynovu buna misal göstərmək olar. Ötən ilə qədər heç kim onları böyük futbolçu kimi qəbul etmirdi. Amma indi hamısı millidə çıxış edir. Samir Abasov heç olmasa bunu da deyərdi. Belə şeyləri də demək lazımdır ki, "Neftçi", Samir Abasov kimi oynadıb və o səviyyəyə çatdırıb? Heç kimi. Yay transfer dönəmində heyətə cəlb edilən 7 legionerin 6-sı "Qarabağ"la görüşdə ehtiyatda idi. Meydanda olan yalnız Sezar Meza Kolli idi. Həmin futbolçunu da hamımız tanıyırıq, neçə ildir ki, ölkəmizdə çıxış edir. Meza Kollini kəşf etmək üçün məşqçi olmağa da ehtiyac yox idi. Yerdə qalan digər yeni transferlərin hamısı ehtiyatda oturmuşdu. Əgər ən vacib oyunda transfer etdiyin legioner sənə kömək etməyəcəksə, köhnələri oynadacaqsansa, həmin 6 legioneri almağa, onlara pul xərcləməyə nə ehtiyac var idi? Stankoviç sağlamdırsa, ayaq üstə dayana bilirsə, oynayacaq. Sabir Buqrin, Mamadu Kane, Yusuf Laval da onun kimi. 4 legioner vacib qarşılaşmalarda mütləq meydanda olacaq. Sənin legioner üçün iki mövqeyin qalır. İki mövqe üçün isə 7 futbolçu almağa ehtiyac yox idi. Daha çox yerli oyunçu ala bilərdilər".
Klubun sabiq mətbuat katibi baş məşqçinin yaxşı yerli futbolçuların yoxluğundan şikayətlənməsinə də toxunub: "Yay transfer dönəmində yaxşı futbolçuların əksəriyyəti boş idi. Mehti Cənnətovu və Təmkin Xəlilzadəni götürə bilərdilər, "Zirə"yə keçdilər. Elvin Camalov boşda idi, "Sabah"a transfer oldu. Urfan Abbasov boşda idi, "Qəbələ"yə qayıtdı. Bunlar hamısı yığmanın üzvü olub və orada oynayıblar. Ötən mövsümü bir az zəif keçirdə bilərlər. Komanda nə üçündür? Götürüb, futbolçunu o səviyyəyə çatdırmaq lazım idi. Heç kimi günahlandırmağa ehtiyac yoxdur. Sadəcə, seleksiya düzgün aparılmayıb və heyət düzgün qurulmayıb".
Futbol agenti Filip Ozobiç və Riçard Almeydanın 5 ildən çox Azərbaycanda oynadığını və bu səbəbdən milliləşdirildiyini xatırladıb: "Neftçi"də belə oyunçu Sezar Meza Kolli və Voyislav Stankoviç ola bilər. Hər halda kimisə milliləşdirmək çıxış yolu deyil. Bu "Neftçi" klubudur. Ölkənin ən yaxşı iki komandasından biridir və istədiyi yerli oyunçunu götürə bilərdi. Vaxtında yerli oyunçuları götürmə, özünü naza qoy, sonra da gəl denən ki, mən milliləşdirməliyəm. Hamı da bilir ki, Ozobiçlə Almeydanı "Qarabağ" milliləşdirməyib. Milli komanda çağırıb və federasiya dəvət edib milliləşdirib. Bütün bunlar Ağdam klubunun təklifi ilə olmayıb. Federasiya Meza Kollini də milliləşdirmək istədi. Amma alınmadı. Səbəblərini dəqiq bilmirəm. "Neftçi" ilə oyunda "Qarabağ"ın start heyətinə nəzər yetirsək, görərik ki, milliləşdirilmiş futbolçu Ozobiçdir. Həmin oyunda "Neftçi"yə qarşı Ozobiçi çıxsaq, 5 yerli futbolçu ilk dəqiqədən meydanda olub. Ozobiç legioner kimi oynasaydı, limit pozulmurdu. Bir çox limit olan ölkələrdə yerli oyunçuları əsasən müdafiə, dayaq yarımmüdafiəçisi və qapıda oynadırlar. İrəli xəttdəki oyunçuların legioner və daha güclü olmasını istəyirlər. Amma "Neftçi"də irəlidə Mirabdulla oynayır. Komandanın ötən mövsümkü heyəti bundan daha yaxşı idi. Bruno Teleşu ötən mövsüm Mamadu Kanenin əvəzləyicisi olub və aşağı məbləğə də oynayırdı. Teluşunun yerinə Romen Bask gəldi. O yenə Kanenin əvəzləyicisidir. Amma Teleşidən qat-qat artıq pul alır. Belə səhvlər çoxdur. Həm də "Qarabağ"ın avrokuboklarda 7 yerli futbolçu ilə meydana çıxdığı oyunlar olub. "Neftçi" neçəsi ilə oynayıb. Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubu ilə matçda 3 yerli futbolçu oynayırdı. Ondan bilmirdilər ki, çempionatda problem yaşayacaqlar? Yerli kimi götürə bilirdilərsə, almalı idilər. Oynamasa belə, indiki legionerlər kimi ehtiyatda oturacaq".
Səfiyarlı "Qarabağ" klubunun yerli futbolçuları yetişdirdiyini söyləyib: "Samir Abasov niyə "Qarabağ"ın oynatdığı yerli oyunçulardan danışmır. Niyə demir ki, Abbas Hüseynov kimi gəncləri götürüb yetişdirsəydik, bizim də yaxşı yerli futbolçumuz olardı. Anton Krivotsyuk və Namik Ələskərov komandadan gedib. Bu kimin günahıdır? Dəqiq sənin, mənim günahım deyil. Kimin günahıdırsa, o da cavab verməlidir. Niyə gediblər, səbəblərini də yaxşı bilirlər. Elə addım atardılar ki, futbolçu qalardı. Və yaxud bilirdilər ki, bu adamlar gedəcək, alternativ futbolçuları niyə almırdınız? Ramil Şeydayev niyə "Qarabağ"a gedib? "Neftçi" niyə bu hücumçunu götürmədi? Bilirdiniz ki, Namik Ələskərov bombardir olub və getmək ehtimalı var. Müqaviləsində belə bir maddəsi var ki, gedə bilər. Əgər 1, 2 və 10 faiz ehtimal olsa belə, yenə ehtimal var. Hamı bilir ki, işi necə aparırlar. Amma bunlar arxayın olublar ki, heç kim heç yerə getməyəcək. Hansısa variant olanda da futbolçu gedir. Sən klub və məşqçi olaraq özünü düşünürsən. Namik də özünü fikirləşir. Samir Abasov futbolçu dönəmində "İnter"də çıxış edirdi. "Qarabağ"dan yaxşı təklif gələndən sonra çıxıb getdi. Çünki təklif daha sərfəli idi. Kamran Quliyev "Sumqayıt"ın prezidenti idi, daha yaxşı yerdən "Neftçi"dən təklif gəldi. Futbolda və müxtəlif sahələrdə belə şeylər olub. Hamı inkişaf etmək, irəli getmək və daha çox pul qazanmaq istəyir. Heç kimi günahlandıra bilmərsən, birbaşa günah Samir Abasovun özündədir".