Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan və litvalı FIFA referisi Donatas Rumşas idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmada hesabı qonaqlar açıblar. 23-ci dəqiqədə Almez Əli fərqlənib. 37-ci dəqiqədə Emin Mahmudov özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib. İlk hissə qarşılıqlı qollarla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan Azərbaycan millisi 67-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Mahmudov özünün və komandasının 2-ci qoluna imza atıb. Yeri gəlmişkən, bu, 29 yaşlı yarımmüdafiəçinin yığmadakı 8-ci qolu olub. Matçda son nöqtəni isə Qətərin heyətində Almez Əli qoyub. 25 yaşlı hücumçu 78-ci dəqiqədə dubluu rəsmiləşdirib.
Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Mahmudovun yerinə meydana daxil olan "Zirə"nin müdafiəçisi Cəlal Hüseynov yığmada debüt edən 257-ci oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, bu, Azərbaycan millisinin 2021-ci ildəki son oyunu olub.
-----------------------------------------
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq.
İki kollektiv indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. 4 il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.
Bu, Azərbaycan millisinin ümumilikdə 130-cu yoldaşlıq oyunu olacaq. Əvvəlki 129 matçda komanda 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub. Bu qarşılaşmalarda 119 qol vuran yığma qapısında 163 top görüb.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan - Qətər - 2:2
Qollar: Emin Mahmudov, 37 (pen.); 67 - Almez Əli, 23; 78
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)
Dördüncü hakim: Elçin Məsiyev
Bakı Olimpiya Stadionu.