"Bütün qalibləri təbrik edirəm. İdmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzu edirəm. "Qarabağ"dan o qədər danışıldı ki, mənim nəsə deməyimə ehtiyac yoxdur".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində ilin məşqçisi adına layiq görülən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
49 yaşlı mütəxəssis bildirib ki, komanda olaraq öz işləri ilə məşğul olmalı, Azərbaycan xalqına doğru və düzgün xidmət etməlidirlər: "Hər birinizə təşəkkür edirəm ki, mənim komandamı qalib kimi seçmisiniz. Hər dəfə çalışdıq ki, mübarizə aparaq. Amma həmişə narahat idik. Torpaqlarımız işğaldan azad olunduqdan sonra oyunçularımızı meydanda döyüşçü kimi gördük".
Qurbanovun sözlərinə görə, ilin futbolçusu seçilən "Neftçi"nin kapitanı Emin Mahmudova daha əvvəl təklif göndəriblər: "Kamran Quliyevin açıqlamasından sonra inanmıram ki, yenidən bunu edək. Çünki Emin “Neftçi” üçün dəyərlidir. Amma yalan danışmayacağam. Daha əvvəl onu komandada görmək istəmişik, lakin uğurlu alınmayıb".