“Məşqlərimiz yaxşı keçir. Əhval-ruhiyyəmiz də yaxşıdır. Çalışırıq ki, baş məşqçinin dediklərini məşqdə yerinə yetirək".
Sportnet.az-ın məlumatına görə, bu fikirli futzal üzrə Azərbaycan millisinin qapıçıs Rövşən Hüseynli Ukrayna ilə yoldaşlıq görüşlərindən əvvəl açıq məşq zamanı keçirilən brifinqdə deyib.
30 yaşlı qolkiper 2022-ci ilin əvvəlində Avropa çempionaytının final mərhələsində 6-cı dəfə çıxış edəcəklərini xatırladıb: "Rəqiblərimizdən Gürcüstan millisi debütantdır. Ancaq onların zəif olduğunu heç kim düşünməsin. Ümumiyyətlə final mərhələsində iştirak edəcək 16 komanda arasında asanlıqla məğlub ediləcək komanda yoxdur. Sadəcə, bizim təcrübəmiz onlardan daha çoxdur. Bosniya və Herseqovinaya gəldikdə, onlara qarşı bir dəfə - 4-5 il əvvəl oynamışıq. Həmin görüş Bakıda keçirilib və qələbə qazanmışdıq. Ancaq oyun kifayət qədər çətin keçmişdi. İspaniya millisinin gücü isə hər kəsə məlumdur. Lakin biz meydana gəzmək üçün çıxmayacağıq. Ümumiyyətlə, onlara qarşı hər zaman daha yaxşı konsantrasiya olmuşuq. Çalışacağıq bu dəfə meydandan xalla ayrılaq".
Hüseynli 2 ay əvvəl Çempionlar Liqasında Ukrayna təmsilçisi ilə üz-üzə gəldiklərini söyləyib: "Komandanın oyun üslubu demək olar, Ukrayna yığması ilə eynidir. Həmin klubun 3 üzvü də millidə iştirak edəcək. Oyun əhəmiyyətlidir. Avropa çempionatının final mərhələsinin marafonu bizim üçün bu görüşlə başlayacaq".
O, yoldaşlıq oyunu olmasından asılı olmayaraq qələbənin komandaya əlavə stimul verəcəyini diqqətə çatdırıb: "Ukrayna ilə matçda da hesab önəmli olacaq, qələbə bizə reytinq xalları qazandıracaq. Amma tapşırıqları baş məşqçi verir. Çox güman, final mərhələsinin oyunlarında istifadə edəcəyimiz taktiki gedişləri, “ev tapşırıq”larını bu görüşlərdə sınayacağıq”.