Dövlət qurumları "Neftçi" klubuna məxsus Türk Hava Yolları Futbol Mərkəzində yeni binanın tikintisinə razılıq verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Elnur Eyvazov bildirib.
Eyvazov həmin binanın tikintisinə tezliklə başlanılacağını söyləyib: "Bu, iki mərtəbə və iki blokdan ibarət bina olacaq. Biri akademiyanın inzibati binası sayılacaq. Digər blok isə istedadlı uşaqların daimi qalmaları üçün nəzərdə tutulub. 30-40 uşağı orada yerləşdirə biləcəyik. 15-16 otaqlı korpusda istedadlı gəncləri yerləşdirə biləcəyik. Əsas binamız da çox böyükdür".
Böyük planlarının olduğunu söyləyən klub rəsmisi son zamanlar daha çox akademiya və bundan irəli gələn infrastrukturun qurulmasına ciddi önəm verdiklərini vurğulayıb: "İnfrastruktur işlərimiz davam edir. Akademiya binasının tikintisinə başlayırıq. Əsas binada da kommunikasiya məsələləri ilə bağlı layihələndirmə və hesablama işləri aparılır. Bunları yekunlaşdırsaq, demək olar ki, ciddi bir şey qalmayacaq”.