Macarıstanın "Ferentsvaroş" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli ilə maraqlanır.
Sportnet.az-ın "Interia" nəşrinə istinadən məlumatına görə, Budapeşt təmsilçisinin yeni baş məşqçisi Stanislav Çerçesov qış pəncərəsində ilk transferlərini gerçəkləşdirməyə başlayıb. Onun 24 yaşlı hücumçuya da yönələcəyi istisna deyil. Çünki klub Emrelinin transferində maraqlıdır. Bildirilir ki, Çerçesov da onu məmnuniyyətlə komandasında görmək istərdi. Rusiya millisinin və "Legiya"nın sabiq baş məşqçisi Emrelinin çıxışlarını Avropa Liqası qarşılaşmalarında canlı izləyib.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Legiya"da ümumilikdə 33 oyuna 11 qol vurub. Lakin o, Polşa çempionatında cəmi 2 dəfə fərqlənib. Bu qollardan sonuncusu sentyabrın 25-də "Rakov"a 2:3 hesabı ilə uduzduqları görüşə təsadüf edib.
Son zamanlar azərbaycanlı hücumçunun qeyri-effektivliyinə dair şikayətlər eşidilməkdədir. O, "Legiya" azarkeşlərinin dekabrın 12-də komandaya hücumu nəticəsində ən çox zərər görən oyunçulardandır. Bu insidentdən sonra Emreli klubunu dəyişmək istəyini gizlətmir. Baxmayaraq ki, komandanın baş məşqçisi dəyişdirilib və bu vəzifəyə Aleksandr Vukoviç gətirilib.