"Uyğunlaşma prosesi normal gedir, oyundan-oyuna özümü komandada daha da yaxşı hiss edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov klubun rəsmi saytına müsahibəsində deyib.
30 yaşlı yarımmüdafiəçi yaxşı insanlardan ibarət gözəl kollektivlərinin olduğunu bildirib. İsrafilov ardıcıl 3 görüşdə qələbə qazandıqları üçün sevindiyini söyləyib: "Hər birimiz qalib gəlmək üçün sonadək mübarizə aparırıq. Komanda yoldaşlarımdan kiminsə köməyi olmasa, qalib gəlmək mümkün olmayacaq. Buna görə də bu qələbələrdə hamının böyük əməyi var".
Oyunçu Premyer Liqanın XVIII turunda üz-üzə gələcəkləri "Səbail"lə qarşılaşmaya da toxunub: "Hər növbəti matça qələbə qazanmaq düşüncəsi ilə çıxırıq. Çünki biz “Neftçi”yik və çox yaxşı komandamız var. Düzdür, bu futboldur və oyun ərzində çox şey ola bilər. Bununla belə, rəqibdən asılı olmayaraq yalnız qələbə haqqında düşünürük".
Yarımmüdafiəçi son olaraq azarkeşlərə müraciət edib: "Azarkeşlərdən xahiş edirəm ki, bir-birimizə dəstək olaraq mübarizəyə davam edək. Axı onların dəstəyi bizim üçün çox vacibdir. Biz birlikdə daha da güclüyük. Fanatların dəstəyini hiss edəndə meydana çıxmaq daha da asan olur".