"Sabah" komandası futbolçusu Elvin Camalovun Malta və Latviya ilə yoldaşlıq görüşləri üçün Azərbaycan millisinə dəvət almamasını təəssüflə qarşılayıb.
Bu barədə Sportnet.az-a klubun Müşahidə Şurasının üzvü İqor Ponomaryov məlumat verib.
Veteran futbolçunun fikrincə, Camalov öz oyunu və meydanda can yandırması ilə milliyə layiq idi: "Lakin yığmanın baş məşqçisi var, futbolçuları o, dəvət edir".
"Sabah"ın 3 futbolçusunun milliyə çağırıldığını xatırladan Ponomaryov onlardan 2-nin Maltaya qarşı matçda əsas heyətdə meydana çıxdıqlarını xatırladıb: "Qapıçı Səlahət Ağayev sonadək qapını qorudu. Yarımmüdafiəçi Aleksey İsayev 64-cü dəqiqəyədək meydanda oldu. 79-cu dəqiqədə oyuna girən Amin Seydiyev də əsas heyətdə yer alsaydı, ümumiyyətlə, super olardı".
Qeyd edək ki, Azərbaycan yığması Malta ilə görüşdə 0:1 hesabı ilə uduzub.