
"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümün qalibi olub.
Sportnet.az-ın məlumatına görə, "köhlən atlar" XXV turda evdə "Sabah"la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.
Hesabı 47-ci dəqiqədə Kadi Borges açıb. 59-cu dəqiqədə qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub. Bundan maksimum yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 59-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah" isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə qolsuz heç-heçə edib. Tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.
-------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçı Şamaxıda eyniadlı komanda ilə autsayder "Səbail" arasında olub. Şamaxı şəhər stadionundakı oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb.
İlk hissədə meydan sahiblərinin qapıçısı Rəşad Əzizli zədələnərək, yerini Hüseynəli Quliyevə verib.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran əyalət təmsilçisi 6-cı pillədəki mövqeyini qoruyub. 15 xalı olan paytaxt klubu isə sonuncu - 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, günün ikinci oyununda "Qarabağ" "Sabah" klubunu qəbul edəcək. Tura mayın 4-də oynanılacaq "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.
---------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də "dənizçilər" qələbə qazanıb. Topların nisbəti bərabərdir - 20:20. “Şamaxı” Premyer Liqadakı son 5 görüşdə rəqibinə uduzmayıb. Son üç qarşılaşmada 3 və ya daha çox qol vurulub.
Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edəcək. 58 xala malik olan "köhlən atlar"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir. Bu görüş tərəflərin Premyer Liqada 15-ci dueli olacaq. Əvvəlki 14 oyunun 11-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 3 matçda heç-heçə qeydə alınıb. “Sabah” indiyədək qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası, XXV tur
3 may
16:30. “Şamaxı” – “Səbail” - 0:0
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Sabah” - 1:1
Qollar: Kadi Borges, 47 - Kristian Silva, 60
Qırmızı vərəqə: Patrik Andrade, 59 ("Qarabağ")
“Azersun Arena”
Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.