"Dəvətə görə təşəkkür edirəm. Mənim üçün böyük fəxrdir. Həm jurnalistika sahəsində çalışmışam, həm də Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı olmuşam. Hər zaman bu günü arzulamışam ki, formaların arxasında işğaldan azad olunmuş ərazilərin adları yazılsın".
Sportnet.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda C qrupunun "Xankəndi" - "Ağdam" oyunundan (2:2) öncə deyib.
Mərhum idman jurnalisti Elnur Əşrəfoğluya Allahdan rəhmət diləyən deputat onun Azərbaycan idmanının inkişafında çox böyük rolunun olduğunu söyləyib.
A.Nağıyev deyib ki, dünyada hamının başa düşdüyü bir dil var: "Bu, film dili, kino dili, ən axırıncı da futbol dilidir. Bütün tamaşaçılar, dilindən, dinindən, əqidəsindən, məsləyindən asılı olmayaraq, futbolu başa düşürlər. Futbolun inkişafı dünyanın inkişafı deməkdir. Bu gözəl gündə "Xankəndi" və "Ağdam" komandalarının görüşü möhtəşəm tədbirdir".
O, sonda təşkilatçılara və sponsorlara minnətdarlığını bildirib: "Bayaq spikerimiz qeyd etdi ki, mən Tovuz-Gədəbəyin təmsilçisiyəm. Fəxr edirəm ki, Tovuzun futbolumuzun inkişafında ciddi rolu olub. "Turan Tovuz"un Premyer Liqaya vəsiqə qazanması nailiyyət kimi qeyd olunur. Bir daha sizə böyük nailiyyətlər arzu edirəm. Futbolumuzla yanaşı, Azərbaycan da inkişaf etsin. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!".