
“Sabah” növbəti mövsümə hazırlıqları davam etdirir.
Sportnet.az xəbər verir ki, yeni transferlərdən Abdulaye Ba klubun rəsmi saytına müsahibə verib.
Seneqallı müdafiəçi ilk olaraq paytaxt təmsilçisinə keçidi barədə danışıb:
– Burada olmaqdan çox şadam. “Sabah” ailəsinin üzvü olmaq qürur vericidir. Bu, mənim üçün yeni çağırışdır. İnanıram ki, “Sabah”la birlikdə uğurlu mövsüm keçirəcəyəm.
– Artıq bir neçə gündür komanda ilə məşqlərdə iştirak edirsiniz. İlkin təəssüratların necədir?
– Komanda daxilində çox yaxşı, müsbət atmosfer var. Yeni komandama çox tez uyğunlaşdım. Yeni mövsümdə uğur qazanmaq üçün komandamızın yaxşı potensialı var.
– “Sabah”da əsas məqsədiniz nədir?
– Əsas istəyim komanda ilə avrokuboklara vəsiqə qazanmaqdır. Bilirəm, bu yolda bizi çətin sınaqlar gözləyir. Lakin mən buna hazıram. İnanıram ki, biz komanda olaraq birlikdə daha güclü olacağıq.
– Böyük qardaşınız Samba Ba vaxtilə Azərbaycanda çıxış edib. “Sabah”dan təklif gələndə bu barədə onunla danışdınız?
– Bəli, mənim böyük qardaşım Samba Ba vaxtilə Azərbaycanın “Karvan” klubunda oynayıb. Onun Azərbaycanda dostları və yaxşı təcrübəsi var. Buna görə, təklifə cavab vermək mənim üçün asan oldu.
– Sonda komandanın tərəfdarlarına nə demək istərdiniz?
– Onların məni qarşılamasından çox məmnun oldum. Azarkeşlərimizə demək istərdim ki, onların da dəstəyi ilə yeni mövsümdə hədəflərimizə çatacağımıza inanıram.