“Təbii ki, “Neftçi” kimi tanınmış klub tərəfindən mənə maraq göstərilməsinə sevindim".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Yeqor Boqomolski klub televiziyasına açıqlamasında deyib.
Belarus yığmasının hücumçusu bildirib ki, "ağ-qaralar"dan təklif gələndə hər şey çox tez olub: "Sözün həqiqi mənasında, 2-3 günə bütün məsələlər həll olundu. Bilirdim ki, bu keçiddə həm klub rəhbərliyi, həm də məşqçilər korpusu maraqlıdır. Ona görə də çox düşünmədən “Neftçi”yə keçməyə razılıq verdim".
22 yaşlı forvardın fikrincə, Azərbaycan klubuna keçidi geriyə addım deyil: "Hesab edirəm ki, Azərbaycan çempionatı ildən-ilə daha da yaxşılaşır. Üstəlik, komandamız Konfrans Liqasının seçmə mərhələsindədir. Artıq ikinci mərhələni geridə qoymuşuq. Təbii ki, bu, avrokuboklarda oynamaq imkanıdır. Buna görə də geri addım deyil, irəliyə doğru addımdır".
Boqomolski adaptasiya dövrünün uğurla keçdiyini vurğulayıb: "Bəli, “Neftçi”yə keçəndə baş məşqçi ilə danışa bildim. O məndən nə istədiyini dedi. Buna görə də indi yavaş-yavaş komandaya qoşuluram və onun məndə görmək istədiyini istifadə etməyə çalışıram. Yavaş-yavaş iqlimə, komandaya uyğunlaşıram. Mənim buraya mümkün qədər tez uyğunlaşmağım üçün kömək etdiklərinə görə futbolçulara, məşqçilər korpusuna və bütün inzibati heyətə təşəkkür edirəm".
Yeni transfer "Neftçi" barədə təəssüratlarını da bölüşüb: "Hücumçu olduğuma görə mənim üçün ən vacib olan, təbii ki, həm çempionatda, həm də avrokuboklarda qollar vurub komandaya faydalı olmaq və qələbə qazandırmaqdır. İlk məşqdən komandanın səviyyəsinin kifayət qədər ciddi olduğunu gördüm. Bütün uşaqlar çox mehribandırlar. Hər kəslə söhbət etmək üçün ümumi mövzu tapmaq mümkündür. Bir neçə ay əvvəl Azərbaycan millisinə qarşı oynayanda bəzi futbolçularla yollarım kəsişmişdi. Buranı çox bəyəndim, düşünürəm ki, komanda çox ciddi toplanıb".
O, hücum xəttində Qodsvey Donyo ilə rəqabətdən çəkinmədiyini söyləyib: "Bəli, əlbəttə, Qodsveyi tanıyıram. Yaxşı hücumçudur, kifayət qədər texnikalıdır. Amma təbii ki, onunla rəqabət aparmaqdan qətiyyən qorxmuram. Çünki rəqabət həmişə inkişafa səbəb olur. Buna görə də start heyətində yer qazanmaq üçün özünü daha çox göstərmək istəyirsən".
Sonda Boqomolski Avstriya "Rapid"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat oyunlarından danışıb. O, azarkeş dəstəyinə ehtiyac duyduqlarını diqqətə çatdırıb: "Bəli, cümə axşamı “Rapid”lə oynayırıq. Təbii ki, stadionda mümkün qədər çox azarkeş görmək istərdik. Onların dəstəyinə çox ehtiyacımız var. Ümid edirəm ki, son oyunla müqayisədə daha çox azarkeş gələcək. Biz isə ən yaxşı oyunumuzu göstərib mərhələni keçməyə çalışacağıq”.