"Hər bir oyunumuz finala bərabərdir. Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva İsveçin "Erebru" komandasına 2:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundan sonra deyib.
Braziliyalı mütəxəssis matçın yaxşı alındığını, amma səhvlərin çox olduğunu etiraf edib: "Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Müdafiədə çox səhvimiz oldu. Qol epizodları da yaratdıq, amma reallaşdıra bilmədik. Belədə cür nəticədən qaçmaq mümkün deyil".
O, hər iki komandanın bir-birini yaxşı analiz etdiyini bildirib: "Birinci hissədə 5 foul limitini doldurduq və sonra rəqibə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı yaratdıq. Onlar da bundan maksimum istifadə etdilər. Bilirik ki, işimiz çətin olacaq. Amma yarış davam edir. Yenidən komanda ilə söhbət edəcək, səhvləri göstərəcək və sabahkı oyuna hazırlaşacağıq".
Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də "Loznika Qrad"a qarşı keçirəcək.