
Londondakı evinin qarət edilməsi səbəbindən Qətərdəki dünya çempionatında mübarizə aparan İngiltərə millisini tərk edən "Çelsi"nin futbolçusu Rahim Sterlinq düşərgəyə qayıdacaq.
Sportnet.az-ın İngiltərə Futbol Assosiasiyasının (EFA) saytına istinadən məlumatına görə, 28 yaşlı hücumçu dekabrın 9-da yenidən kollektivlə məşqlərə qoşulacaq.
Təcrübəli oyunçunun adı DÇ-2022-nin 1/4 final mərhələsində Fransa ilə keçiriləcək matçda millinin iştirak ərizəsinə salınacaq. Qarşılaşma dekabrın 10-da olacaq.
Qeyd edək ki, silahlı soyğunçular tərəfindən evi qarət olunduğu üçün EFA-dan icazə alaraq ailəsinin yanına gedən Rahim Sterlinq mundialda Seneqala 3:0 hesabı ilə qalib gəldikləri 1/8 final matçında da iştirak etməyib.