“Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”.
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında “Kəpəz”in gürcüstanlı futbolçusu Mate Kvirkviya “Turan Tovuz”la heç-heçə edərək (2:2) mübarizəni dayandırdıqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi görüşün 90+5-ci dəqiqəsində Sadiq Quliyevin ona qarşı sərt oynadığı epizodda baş hakim Rəvan Həmzəzadənin penalti təyin etməməsinə təəccübləndiyini bildirib: “Orada yüz faizlik penalti var idi. Çünki rəqibin oyunçusu mənə qarşı kobud oynadı. Hesab edirəm ki, hakim penalti göstərməklə yanaşı, həmin futbolçunu meydandan qovmalı idi. Referi düzgün qərar versəydi, biz mütləq qələbə qazanaraq, yarımfinala adlayardıq”.
Kvirkviya “Kəpəz”in lehinə penalti təyin olunmamasını tovuzlu azarkeşlərin hakimlər üzərindəki təzyiqi ilə əlaqələndirib: “Təkrardan da aşkar görünür ki, orada penalti var idi. Hətta VAR-a da baxıldı. Məncə, hakim stadiondakı azarkeş təzyiqindən təsirləndi”.
Qeyd edək ki, öz meydanındakı ilk oyunda minimal fərqlə (1:2) məğlub olan “Kəpəz” iki matçın cəmində 3:4 hesabı ilə uduzaraq, ölkə kubokunda mübarizəni dayandırıb. “Turan Tovuz” yarımfinalda “Neftçi” ilə qarşılaşacaq.