Almaniya "Bavariya"sının futbolçusu Paul Vanner Avstriya millisindəki debütünü Azərbaycana qarşı 2024-cü il Avropa çempionatının seçmə mərhələ oyununda gerçəkləşdirə bilər.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 17 yaşlı yarımmüdafiəçini Avstriya yığmasına cəlb etməyə çalışır.
64 yaşlı mütəxəssis hazırda Almaniyanın U-17 kollektivində çıxış edən istedadlı oyunçuya qarşıdan gələn seçmə mərhələ və Avropa çempionatında millinin əsas heyət üzvü olacağını vəd edib.
Lakin digər tərəfdən almanlar da gənc vingeri buraxmaq niyyətində deyil. Yaxın günlərdə Vannerin bundestimin baş məşqçisi Hans-Diter Fliklə görüşü planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.