"Xal qazanmaq istəyirdik. İnamlı gəlmişdik. "Qəbələ" son oyunlarda yaxşı çıxış edirdi. Bilirdik ki, bizim üçün çətin olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Qəbələdə eyniadlı komanda ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis mübarizəli oyun olduğunu bildirib: "Xal ehtiyatımızı artırdıq. Düşünürəm ki, həm kubok, həm də çempionatda pis nəticə göstərmədik".
Mövsümün əvvəlindən rəqibləri analiz etdiklərini söyləyən baş məşqçi bəzi komandaların onlardan üstün olduğunu vurğulayıb: "Yeni formalaşan komandayıq. Çətin olacağını bilirdik. İstəyimiz son pillələrdə olmamaq idi. Bəzi klublar gözlədiyimizdən aşağı səviyyədə çıxış etdi və biz xallar qazandıq. Düşündüyümüz yerlərdən yuxarıdayıq. Amma daha üst sıralara çıxmaq çətindir. Real demək lazımdır ki, nəticələr gözlədiyimdən daha yaxşı oldu".
Abbasov qış fasiləsindəki transfer siyasətinə də toxunub: "Rəqiblər də güclənəcək. Baxırıq ki, müdafiə xəttində zədələr ardıcıl oldu. Bu mövqedə çətinlik çəkdik. Gənclərə şans verdik. Rəqabət olmalıdır. Üç transfer edə bilsək, mübarizə aparmaq olar".
O, Natan Oduvanın əvəzlənməsinin zədə ilə bağlı olduğunu qeyd edib: "Zədəsi tam sağalmayıb. Bundan başqa, Runi Eva standart vəziyyətlərdə yaxın küncdə yer alır. Onu dəyişib, kimisə ora gətirmək istəmədim".